Azərbaycan və BƏƏ XİN başçıları arasında görüş keçirilib

Azərbaycan və BƏƏ XİN başçıları arasında görüş keçirilib Elmar Məmmədyarov BƏƏ idmançılarının İslamiadada uğurlu çıxışları münasibətilə həmkarını təbrik edib
Xarici siyasət
22 May , 2017 20:17
Azərbaycan və BƏƏ XİN başçıları arasında görüş keçirilib
Report.az

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Nahyan mətbuata birgə açıqlama veriblər.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycana rəsmi səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Nahyan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbul edilib.

Şeyx Abdullah bin Zayed Nahyan Fəxri Xiyabanı ziyarət edib və ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub. Şəhidlər Xiyabanını ziyarət edən Şeyx Abdullah bin Zayed Nahyan şəhidlərimizin xatirəsini ehtiramla anaraq, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyub.

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan səfəri əsnasında Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov və Şeyx Abdullah bin Zayed Əl Nəhyan nümayəndə heyətlərinin iştirakı görüşüblər.

Nazirlər iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edərək, bir-birinin ərazi bütövlüyü və suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha qarşılıqlı hörmət və dəstək ifadə ediblər.

Nazirlər 1994-cü ildə Mərakeşin Kasablanka şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində mərhum ulu öndərlər Heydər Əliyev və Şeyx Zayed bin Sultan Əl Nəhyan arasında təşkil edilmiş tarixi görüşdə iki ölkə arasında əlaqələrin möhkəm bünövrəsinin qoyulduğunu və bundan sonra ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıblar. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın birgə səyləri ilə ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirildiyini söyləyiblər.

Nazirlər 2009-cu ildə təsis edilmiş Hökumətlərarası Birgə Komissiyanın iqtisadiyyat, enerji, turizm, kənd təsərrüfatı, səhiyyə, logistika, investisilar, neft-kimya sənayesi, bankçılıq və maliyyə sahələri üzrə əməkdaşlıq üçün mövcud olan imkanların inkişaf etdirilməsində mühüm rol oynadığını bildiriblər.

Tərəflər Dubayın Cəbəl Əli limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq və təcrübə mübadiləsini təqdir ediblər.

Elmar Məmmədyarov BƏƏ vətəndaşlarına münasibətdə sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi və nəticə etibarilə, 2015-ci illə müqayisədə 2016-cı ildə BƏƏ-dən olan turistlərin sayında 30 dəfədən artıq artımın müşahidə olunmasını müsbət addım kimi qiymətləndirib. Həmçinin həftəlik reyslərin sayının 30-a çatdığını, BƏƏ və Azərbaycanın şəhərlərini birlşdirən yeni uçuş reyslərinin açılmasının planlaşdırıldığı və bu kimi addımların iki ölkə arasında insanlararası və işgüzar təmasların artmasına daha da töhfə verəcəyini qeyd edib.

Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycana səfərinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi və keçirdiyi İslam Həmrəylik Oyunlarının bağlanış mərasiminə təsadüf etməsindən məmnunluq ifadə edib. O, bu oyunların İslam Ümmətində həmrəyliyin güclənməsinə öz töhfəsini verəcəyinə ümidvarlığını söyləyib. Elmar Məmmədyarov BƏƏ-dən olan idmançıların İslam Həmrəylik Oyunlarında uğurlu iştirakı münasibətilə həmkarını təbrik edib.

Görüşdə nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar təbrik məktubu mübadiləsini həyata keçiriblər.

Görüşdə həmçinin “Azərbaycan Respublikasının Standartlaşdırma, Metreologiya və Patentləşdirmə üzrə Dövlət Komitəsi və Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma, metreologiya üzrə Əmirlik orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu” imzalanıb.

Son xəbərlər

Orphus sistemi