Azərbaycan QHT-ləri ​Avropa Parlamenti prezidentinin çıxışı ilə bağlı etiraz bəyanatı yayıb

Azərbaycan QHT-ləri ​Avropa Parlamenti prezidentinin çıxışı ilə bağlı etiraz bəyanatı yayıb "Bu, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir"
Xarici siyasət
4 Dekabr , 2014 19:27
Azərbaycan QHT-ləri ​Avropa Parlamenti prezidentinin çıxışı ilə bağlı etiraz bəyanatı yayıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan QHT-ləri Avropa Parlamenti prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı bəyanat yayıb. Milli QHT Forumundan "Report"a daxil olan bəyanatda Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışı ölkənin daxili işlərinə qarışmaq cəhdi kimi qəbul edildiyi vurğulanıb və buna öz qəti etiraz bildirilib: "Avropa Parlamentinin prezidenti olaraq Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə ölkəmiz haqda həqiqətə uyğun olmayan fikirləri ilə diqqət çəkir. Noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq deməkdir. M.Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir.

İndiyə qədər M.Şults çıxışlarında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun cənab Şultsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir.

Bütün bunlar onu düşünməyə əsas verir ki, cənab Şultsu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək mərəzi daha çox ilgiləndirir. Fikrimizcə, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyini bir daha təsdiq edir.

Biz, Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri, M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik". 

Son xəbərlər

Orphus sistemi