Azərbaycan Prezidenti Türkiyənin nəqliyyat və infrastruktur nazirini qəbul edib

Azərbaycan Prezidenti Türkiyənin nəqliyyat və infrastruktur nazirini qəbul edib Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici siyasət
4 Dekabr , 2018 15:25
Azərbaycan Prezidenti Türkiyənin nəqliyyat və infrastruktur nazirini qəbul edib

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində böyük heyətlə iştirakından məmnunluğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən nəqliyyat və infrastruktur sahələrində uğurla inkişaf etdiyini deyib. Nəqliyyat sahəsində əməkdaşlığımıza toxunan dövlət başçısı ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən danışaraq ötən il istifadəyə verilən Bakı-Tbilis-Qars dəmir yolu xəttinin təkcə regionda deyil, daha geniş məkanda böyük önəm daşıdığını vurğulayıb. Dövlət başçısı ölkələrimizin rabitə sahəsində də birgə iş birliyi apardıqlarını, Türkiyə şirkətlərinin bu sahədə uzun illər fəaliyyət göstərdiklərini deyib və rabitə sahəsində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.

Nazir Mehmet Cahit Turhan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Azərbaycanla Türkiyə arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu vurğulayan qonaq Azərbaycanda bütün sahələrdə, o cümlədən infrastruktur və şəhərsalmada böyük inkişafın şahidi olduğunu deyib. Mehmet Cahit Turhan bildirib ki, ulu öndər Heydər Əliyevin ifadəsi ilə desək Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət”dir və Azərbaycanın əldə etdiyi uğurlar Türkiyədə böyük sevinclə qarşılanır. Türkiyəli nazir Azərbaycanla Türkiyənin bundan sonra da birgə uğurlu layihələr həyata keçirəcəklərini məmnunluqla qeyd edib.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi