Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, dövlət başçısı Bekir Pakdemirlini kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, onun ilk dəfə nazir kimi Azərbaycana səfərindən məmnunluğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Kənd təsərrüfatının inkişafına ölkəmizdə böyük önəm verildiyini deyən dövlət başçısı bunun iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurların və təcrübənin Azərbaycan üçün böyük maraq doğurduğunu deyib. Dövlət başçısı Bekir Pakdemirlinin Bakıda aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumda iştirakının əhəmiyyətini vurğulayıb və onun Azərbaycana bu səfərinin əməkdaşlığın perspektivlərinin səmərəli müzakirəsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, Bakıda aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumun əhəmiyyətinə toxunub, ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini deyib və nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən iş adamlarının da daxil olduğunu bildirib.
Söhbət zamanı kənd təsərrüfatı sahəsində çalışan Azərbaycan və Türkiyə iş adamlarının dekabrın 11-də Bakıda birgə biznes forumunun keçiriləcəyi və bunun əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı vurğulanıb.
Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
*** 10:43
Azərbaycan Prezidenti
"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.