Yuxarı

Azərbaycan prezidenti Rusiyanın təhsil və elm nazirini qəbul edib - ƏLAVƏ OLUNUB

Azərbaycan prezidenti Rusiyanın təhsil və elm nazirini qəbul edib - ƏLAVƏ OLUNUB

Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiyanın təhsil və elm naziri Olqa Vasilyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirən dövlət başçısı təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çoxlu mövzuların olduğunu deyib.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğulayıb.

Təhsil sahəsində əlaqələrin ənənəvi xarakter daşıdığına toxunan dövlət başçısı bildirib ki, çox mühüm olan odur ki, ötən 25 il ərzində ölkələrimiz bu ənənələri nəinki qoruyub, hətta daha da möhkəmləndirib. Prezident İlham Əliyev bunun həm orta, həm də ali təhsil sahələrini əhatə etdiyini deyib. Rusiya təhsil ocaqlarında azərbaycanlı tələbələrin təhsil aldıqlarını qeyd edən dövlət başçısı artıq Azərbaycanda da Rusiya ali məktəblərinin təhsilini almaq imkanı olduğunu vurğulayıb. Rusiyanın iki ali təhsil müəssisəsinin filiallarının Azərbaycanda uğurla fəaliyyət göstərməsinin önəmini qeyd edən dövlət başçısı nazirin ölkəmizdə olduğu müddətdə bu proseslərlə yaxından tanışlıq imkanı olacağını deyib. Prezident İlham Əliyev ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı təhsil nazirlikləri arasında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.

Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva deyib: “Gözəl ölkənizə, gözəl paytaxtınıza səfər etmək üçün yaratdığınız imkana görə minnətdarlığımı bildirirəm”.

Prezident İlham Əliyevin fikirlərinin təsdiqi olaraq Olqa Vasilyeva öz növbəsində təhsil sahəsində ənənəvi əməkdaşlığın hazırda da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Ölkələr arasında orta, ali və elmi təhsil sahəsində əlaqələrə toxunan rusiyalı nazir Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurla fəaliyyət göstərdiyini deyib. Rus dilinin inkişafı məsələlərinə toxunan nazir bunu ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi dəyərləndirib. Xanım Olqa Vasilyeva qeyd edib ki, Azərbaycanda, o cümlədən rus dilində təhsil aparılan məktəblərdə oxuyan xeyli sayda şagirdlərin olduqları nəzərə alınaraq, məsələn, Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində filoloji qrupun açılması təklif olunur.

Görüşdə Azərbaycanda rus dilinin və Rusiya Federasiyasında azərbaycanlıların sıx yaşadıqları ərazilərdə Azərbaycan dilinin tədrisinə texniki dəstək göstərilməsinin vacibliyi qeyd olunub, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Bakıda keçiriləcək konfransının əhəmiyyətindən danışılıb, universitetlərarası əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olunub.

Söhbət zamanı iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində kadr hazırlığı ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi