​Azərbaycan prezidenti italiyalı həmkarı ilə görüşüb

​Azərbaycan prezidenti italiyalı həmkarı ilə görüşüb Sergio Mattarella “Milan Expo 2015” sərgisində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Xarici siyasət
10 İyul , 2015 01:02
​Azərbaycan prezidenti italiyalı həmkarı ilə görüşüb

Bakı. 10 İyul. REPORT.AZ/ Ötən gün Azərbaycanın dövlət başçısı İlham Əliyev İtaliya prezidenti Sergio Mattarella ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən İtaliya prezidenti Azərbaycanın bölgədə, regionda və ümumiyyətlə dünyada gedən proseslərdə önəmli rolunu qeyd edib.

Prezident Sergio Mattarella “Milan Expo 2015” sərgisində iştirakına görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. İtaliyanın dövlət başçısı Heydər Əliyev Fondunun ikitərəfli münasibətlər, mədəni sahədə əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb. O, Milan sərgisində Azərbaycan pavilyonunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində, antiterror fəaliyyətində, ekstremizmə və radikalizmə qarşı beynəlxalq səviyyədə mübarizədə rolunu yüksək qiymətləndirib.

İtaliya prezidenti iki ölkə arasında güclü dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdıraraq deyib ki, bu, xalqlarımızı daha da yaxınlaşdırır. O, Azərbaycanın yalnız regionda deyil, ümumiyyətlə beynəlxalq dialoqun həyata keçirilməsi işində rolunu yüksək qiymətləndirib.

Prezident Sergio Mattarella birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə görə Azərbaycan prezidentini təbrik edib.

Prezident İlham Əliyev İtaliyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkə olduğunu vurğulayıb və ötən il İtaliyaya səfəri zamanı qəbul edilmiş strateji tərəfdaşlıq haqqında sənədin əhəmiyyətini xüsusi qeyd edib. Dövlət başçısı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı kimi önəmini qeyd edən dövlət başçısı siyasi, iqtisadi, mədəni, o cümlədən enerji, tikinti, sənaye, nəqliyyat sahələrində əlaqələrin uğurla inkişaf etdiyini bildirib. “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətinə toxunan prezident İlham Əliyev deyib ki, bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Azərbaycan ilə İtaliya arasında sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verir. Prezident bildirib ki, “Cənub” qaz dəhlizi iki ölkə arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində İtaliya şirkətlərinin fəal iştirak etdiyini xüsusi vurğulayıb.

Söhbət zamanı iqtisadi, siyasi, mədəni əlaqələrimizin daha da genişləndirilməsi, ikitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində möhkəmləndirilməsi baxımından önəmi vurğulandı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi