Prezident: "Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir"

Prezident: "Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir" Bakı. 27 fevral. REPORT.AZ/ Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən xanım Prezidenti prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdim. Çox şadam ki, qısa müddətdən sonra xanım Prezident Azərbaycana səfər edir. Bu, çox gözəl göstəricidir.
Xarici siyasət
27 Fevral , 2019 13:22
Prezident: Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir

Bakı. 27 fevral. REPORT.AZ/ "Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən xanım Prezidenti prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdim. Çox şadam ki, qısa müddətdən sonra xanım Prezident Azərbaycana səfər edir. Bu, çox gözəl göstəricidir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Bakıda Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə geniş tərkibdə görüşdə deyib. 

"Bu gün biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Regional problemləri, bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür. Əminəm ki, bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olacaqdır. Biz bu günə qədər bir çox məsələləri birlikdə həll etmişik. Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik. Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik. Əminəm ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da dərinləşəcək və genişlənəcək. Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik, necə ki, bu günə qədər bütün məsələlərdə həmişə bir yerdə olmuşuq.

Biz bu gün artıq həm xarici siyasət məsələlərini, həm də regiondakı vəziyyəti, bizim nəqliyyat, enerji layihələrinin icrasını müzakirə etdik. Əlbəttə ki, indi bu məsələləri geniş tərkibdə, daha geniş formada müzakirə edəcəyik. Əminəm ki, bu səfərin nəticələri çox müsbət olacaq və bizim əməkdaşlığımıza yeni töhfə verəcək", - dövlət başçısı bildirib. 

Son xəbərlər

Orphus sistemi