Bolqarıstanın vitse-prezidenti: "Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Aİ-nin aparıcı tərəfdaşıdır" - MÜSAHİBƏ

Bolqarıstanın vitse-prezidenti: "Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Aİ-nin aparıcı tərəfdaşıdır" - MÜSAHİBƏ "Azərbaycan paytaxtında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq öz tarixi və ənənələri var"
Xarici siyasət
4 May , 2017 12:44
Bolqarıstanın vitse-prezidenti: Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Aİ-nin aparıcı tərəfdaşıdır - MÜSAHİBƏ

Bakı. 4 may. REPORT.AZ/ Bolqarıstanın vitse-prezidenti İliyana Yotovanın "Report" İnformasiya Agentliyinə müsahibəsi. 

- Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu necə qiymətləndirirsiniz?

- Azərbaycanın paytaxtı Bakıda keçirilən forumun artıq öz tarixi və ənənələri var. Agentliyiniz vasitəsilə belə imkan yaratdığına görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Ələ düşən fürsətdən istifadə edərək YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı kimi digər subyektlərlə zəmanəmizin hələ müsbət həllinə nail olunmayan bəzi mühüm məsələlərini - cəmiyyətimizdə artan ekstremizmi, radikallaşmanı müzakirə etməliyik. Forumda böyük məmnuniyyətlə iştirak edəcəyəm. Çünki onun fəlsəfəsiylə tam razıyam: mədəniyyətlərarası dialoq insanlar arasında anlaşma üçün mühüm aspektdir və hazırda dünyanın ən çox buna ehtiyacı var.

- Azərbaycan və Bolqarıstan arasında siyasi və iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bizim hələ istifadə olunmayan imkanlarımız var. Qurumlar arasında yaxşı münasibətlər var, ikitərəfli razılaşmalar mövcuddur. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edirik. Hazırda Bolqarıstan-Azərbaycan Ticarət Palatasının açılışını gözləyirik. Məncə, ticarət palatası ölkələr arasında ticarət əlaqələrinin intensivləşdirilməsinə töhfə verəcək.

- Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin əhəmiyyətini necə qiymətləndirirsiniz? Bolqarıstan TAP layihəsində necə iştirak etməniyyətindədir?

- Avropanın enerji siyasətinin əsas məqsədi təhlükəsizlik, rəqabət və davamlı inkişafdır. Azərbaycan enerji müstəqilliyinin və qaz nəqlinin təhlükəsizliyinin təmin edilməsində, mənfi iqlim dəyişikliyinin qarşısının alınmasında, iqtisadi inkişaf və məşğulluğun təşviq edilməsində Avropa İttifaqının aparıcı tərəfdaşıdır. Bununla da ən vacib vəzifələrdən biri - istehlakçıların təhlükəsiz və sərfəli enerji ilə təmin edilməsi məsələsi həll olunub. Cənub Qaz Dəhlizinin həyata keçirilməsi ən möhtəşəm layihələrdən biridir. Bolqarıstan bir daha layihənin inkişafına dəstəyini nümayiş etdirir və onun həyata keçirilməsində ölkənizin vacib rolunu təsdiqləyir. Ölkəmiz Yunanıstan-Bolqarıstan və Türkiyə-Bolqarıstan interkonnektor layihəsi sayəsində Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinin bir hissəsinə çevrilib. Yunanıstanla layihə 2020-ci ilə qədər hər il "Şahdəniz-2" yatağından Bolqarıstana əvvəlcədən razılaşdırılmış 1 milyard kubmetr həcmində Azərbaycan qazının çatdırılmasına imkan verəcək. Bu layihə Bolqarıstana təbii qazın çatdırılması üçün resursların və çatdırılma marşrutlarının diversifikasiyası baxımından böyük əhəmiyyət kəsb edir.

- Ölkələrimiz arasında hansısa biznes layihələr gözlənilirmi? Hansı sahələrdə əməkdaşlıq üçün potensial görürsünüz?

- Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün imkanlar yalnız enerji layihələri ilə məhdudlaşmır. Artıq bir neçə görüş keçirən Bolqarıstan-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti uğurlu olub. Ötən il Bolqarıstandan Azərbaycana 7,756 milyon dollar dəyərində mal ixrac olunub, ölkələr arasındakı ticarət dövriyyəsi isə 8,065 milyon dolları təşkil edib. Əlaqələrin böyük potensiala malik olduğuna inanıram. Dövriyyənin əsasını dərman preparatları təşkil edir, amma eyni zamanda turizm, yüngül sənaye və kənd təsərrüfatına da diqqət yetirmək lazımdır.

- Azərbaycanın Bolqarıstanda həyata keçirdiyi, xüsusilə də Trapezitsa qəsrində görülən işlər barədə nə deyə bilərsiniz?

- Heydər Əliyev Fondu və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bir neçə nəsli təmsil edən bolqarların arzusunu həyata keçirib. Bu məsələni daha yaxşı anlamağınız üçün tariximizdən mühüm faktları söyləməliyəm. İkinci Bolqar Krallığının paytaxtı - Veliko Tırnovo orta əsrlərin ən inkişaf etmiş şəhərlərindən biridir. Bir çox Bizans əlyazmalarında şəhərin gözəlliyi və zənginliyindən danışılır. Şəhər iki təpədə - kral sarayının olduğu Tsarevetsdə və məşhurların, zadəganların yaşadığı Trapezitsada yerləşir. Bolqarıstan dövlətinin qurulmasının 1300 illik yubileyi ilə əlaqədar Tsarevets sarayı tam bərpa edilib. Lakin uzun illər ərzində maliyyə vəsaitinin olmaması arxeoloji qazıntılara və Trapezitsanın bərpasına mane olub. İndi isə bu, artıq yalnız bizim tariximizdə böyük və əhəmiyyətli layihə deyil. Bugünkü bölünən dünyada mədəni dialoq, insanlar arasında hörmət və anlaşma naminə uzadılan əl sülh və inkişaf üçün vacibdir. Bu, Bolqarıstan mədəni irsinin inkişafı üçün iki ölkə arasında ilk birgə layihədir. Bunun son olmayacağından əminəm. Bakı Slavyan Universiteti ilə bizim ali təhsil müəssisələri, eləcə də elmlər akademiyaları arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün "xoşməramlı səfir" olmaq istərdim.

- Aprel ayının sonunda Azərbaycan və Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzrə müzakirələrə başlanılıb. Bu barədə fikirlərinizi öyrənmək istərdik?

- Aİ ilə yeni strateji tərəfdaşlıq haqqında danışıqların başladılmasını alqışlayıram. Bu, Avropa sərhədlərarası investisiya layihələri üçün çoxlu yeni imkanlar açır. Bu, sizin ölkənin də marağını çəkəcək. Aİ ilə danışıqlar prosesində sürətli irəliləyişə ümid edirəm. Prezident İlham Əliyevin bu yaxınlarda Brüsselə səfər etməsi və Avropa Şurasının prezidenti Donald Tusk ilə görüşməsi irəliləyişə sübutdur.

- Ötən ilin aprel ayında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində şiddətli qarşıdurmalar yaşandı və nəticədə hər iki tərəfdən itkilər oldu. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bolqarıstanın mövqeyi necədir?

- Bolqarıstanın prinsipial mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in vasitəçiliyi ilə danışıqları yolu, Azərbaycan və Ermənistan liderləri arasında fəal dialoq vasitəsilə həll edilə bilər.

Son xəbərlər

Orphus sistemi