Azərbaycan əfqan mütəxəssisləri və tələbələrinə təqaüd verəcək

Azərbaycan əfqan mütəxəssisləri və tələbələrinə təqaüd verəcək Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Əşrəf Şıxəliyev Əfqanıstana həsr olunan konfranslarda iştirak edib
Xarici siyasət
9 Sentyabr , 2015 14:10
Azərbaycan əfqan mütəxəssisləri və tələbələrinə təqaüd verəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev Kabulda keçirilən 6-cı Regional İqtisadi Əməkdaşlıq Konfransında və Əfqanıstan üzrə Tokio Qarşılıqlı Etimad Prosesi çərçivəsində Yüksək Vəzifəli Şəxslərin ikinci iclasında iştirak edib. 

Bu barədə "Report"a XİN mətbuat xidmətindən məlumat verilib. 

Xəbərə görə, hər iki tədbirdə çıxış edən Ə.Şıxəliyev bu ölkənin inkişafında nəqliyyat, enerji, informasiya və kommunikasiya texnologiyalarının əhəmiyyətinə toxunaraq, Azərbaycanın Əfqanıstana bu sahələrin inkişafında dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. O, Bakı-Tbilisi-Qars dəmiryolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Əfqanıstan üçün əlverişli yollarla dünya bazarına çıxış imkanları yaradacağını, bunun isə öz növbəsində Əfqanıstan iqtisadiyyatının canlanmasına və davamlı inkişafına mühüm töhfə verə biləcəyini qeyd edib. 

AİDA Agentliyinin rəhbəri ölkənin inkişafı üçün informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafının, o cümlədən elektron hökumət sisteminin qurulmasının yüksək əhəmiyyətini vurğulayaraq, bu sahədə ölkənin əldə etdiyi uğurlardan biri olan və Azərbaycan BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülən “ASAN xidmət”in təcrübəsini bu dövlətlə paylaşmağa hazır olduğunu diqqətə çatdırıb. Ə.Şıxəliyev Azərbaycanın Əfqanıstan Milli Ordusunun Etimad Fonduna maliyyə yardımı göstərdiyini, eyni zamanda, Əfqanıstanda insan kapitalının inkişafı məqsədilə rəsmi Bakının əfqan mütəxəssislər və tələbələr üçün təqaüdlərin ayrılmasını nəzərdə tutulduğu barədə məlumat verib.

Məlumata görə, tədbirlərin keçirilməsi Əfqanıstan ilə qonşu ölkələr və beynəlxalq maliyyə təsisatları ilə iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədi daşıyır.

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, eləcə də, Əfqanıstan hökumətinin yüksək səviyyəli rəsmiləri və BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin iştirak etdiyi tədbirlərdə 70-dən yuxarı ölkə və nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri, həmçinin, biznes qurumlarının rəhbərləri təmsil olunub.

Son xəbərlər

Orphus sistemi