Azərbaycan Dubayda keçiriləcək Expo-2020-yə qatılacaq

Azərbaycan Dubayda keçiriləcək Expo-2020-yə qatılacaq Dubay Expo 2020-nin Bürosunun baş direktoru Azərbaycanın bu tədbirdə iştirak edəcəyini yüksək qiymətləndirib
Xarici siyasət
18 Oktyabr , 2016 21:00
Azərbaycan Dubayda keçiriləcək Expo-2020-yə qatılacaq

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov bu ölkənin Beynəlxalq Əməkdaşlıq üzrə dövlət naziri, Dubay Expo 2020-nin Bürosunun baş direktoru xanım Rim Əl Haşimi ilə görüşüb.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, D.Şikarov Azərbaycan və BƏƏ arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və iki ölkənin xalqları və hökumətləri arasında çox gözəl münasibətlərin formalaşdığını bildirib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş iqtisadi nailiyyətlər, aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı və ixracatın diversifikasiyası istiqamətində atılan addımlar barədə məlumat verib.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli istiqamətində BƏƏ-nin istər ikitərəfli səviyyədə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən səfir, bu dəstəyin ölkəmiz və bütövlükdə regionun əmin-amanlığı və təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb.

Dubay Əmirliyinin Expo 2020-yə ev sahibliyi etməsi münasibətilə öz təbriklərini çatdıran D.Şikarov, Azərbaycanın həmin tədbirdə iştirakını təsdiq edən niyyət məktubunu xanım dövlət nazirinə təqdim edib.

Niyyət məktubunun təqdim edilməsindən duyduğu məmnunluğunu bildirən Rim Əl Haşimi Azərbaycanın Expo 2020-də ən yüksək səviyyədə təmsil olunacağından əmin olduğunu və bunun reallaşması üçün Dubay Expo Bürosunun baş direktoru kimi bütün zəruri dəstəyi göstərəcəyini vəd edib.

Xanım Əl Haşimi ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, istər Azərbaycan məhsullarının BƏƏ bazarlarına çıxışı, istərsə də qarşılıqlı hava səfərlərinin artırılması məsələlərində əlindən gələn köməyi göstərməyə hazır olduğunu da deyib. 

Son xəbərlər

Orphus sistemi