Azərbaycan bu ilin sonunda dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı hesabat təqdim edəcək

Azərbaycan bu ilin sonunda dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı hesabat təqdim edəcək Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan bu ilin sonunda dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edəcək.
Xarici siyasət
26 Fevral , 2019 18:03
Azərbaycan bu ilin sonunda dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı hesabat təqdim edəcək
Report/ Firi Salim

Bakı. 26 fevral. REPORT.AZ/ "Azərbaycan bu ilin sonunda dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edəcək". 

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 40-cı sessiyasında deyib. 

"İnsan hüquqları ilə bağlı çağırışların, ələlxüsus milyonlarla insanın zorla didərgin salınması, irqi və ayrı-seçkiliyin digər formalarının qlobal səviyyədə artdığı bir zamanda bütün insan hüquqlarının təşviqi və qorunması üçün əsas məsuliyyət daşıyan İnsan hüquqları üzrə ali komissarın ofisinin rolu daha da önəmli olub. Biz üzv dövlətlərin müraciəti əsasında onlara texniki yardımın göstərilməsinin və qabiliyyətin artırılmasının genişləndirilməsində Ofisin başlıca rolunu qiymətləndiririk. Bunu rəhbər tutaraq, Azərbaycan Ofisin məşvərətçi xidmətlərinin dəstəklənməsinə könüllü ianələr etməyi davam etdirəcəkdir", - XİN başçısı bildirib.

Onun sözlərinə görə, Azərbaycan bütün dünyada insan hüquqlarının təşviqi və qorunması üçün çoxtərəfli institutların vacibliyinə inanır: "Bu səbəbdən, Azərbaycan əməkdaşlıq və həqiqi dialoq vasitəsilə bütün insan hüquqlarının təşviq edilməsinə və qorunmasına cavabdeh olan BMT-nin İnsan Hüquqları Şurasına əhəmiyyət verir.

Azərbaycan, şurada müşahidəçi olaraq onun işinə fəal şəkildə töhfə verir. Şuranın 37-ci sessiyasında Azərbaycan Gürcüstan, Keniya, Tailand və Türkiyə ilə birlikdə Şura tərəfindən yekdilliklə qəbul edilmiş şəffaf, hesabatlı və səmərəli ictimai xidmətlərin təqdim edilməsi yolu ilə dayanıqlı inkişaf məqsədlərinin və insan hüquqlarının təşviqi ilə bağlı 92 dövlətin həm-müəllif olduğu qətnamə layihəsini irəli sürdü. Bu il İnsan hüquqları üzrə ali komissarın Ofisi ilə birlikdə Azərbaycan, yuxarıda qeyd olunan qətnamədə təşviq edilən ictimai xidmətlərin səmərəli modellərinə malik ölkələrin digər üzv dövlətlərlə ən yaxşı təcrübələrini bölüşə biləcəyi növbəti beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Azərbaycan 2018-ci ilin mart ayında qəbul edilmiş insan hüquqlarının qorunması və təşviqi və dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrası ilə bağlı İnsan Hüquqları Şurasının 37/24 saylı qətnaməsinin özək qrupu arasında olub. Şuranın 38-ci sessiyası zamanı insan hüquqları üzrə ali komissarın rolunun artırılması ilə bağlı ölkəm tərəfindən irəli sürülmüş birgə bəyanat 125 üzv dövlətin dəstəyini qazanmışdır.

Hökumətim bütün insan hüquqlarından və fundamental azadlıqlardan vətəndaşlarımızın tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramların həyata keçirilməsini davam etdirir. Bu xüsusda, ədliyyə sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün əlavə qanunverici və struktur tədbirlərinə hədəfləmiş 2019-2023-cü illərdə ədliyyənin inkişafı ilə bağlı Dövlət Proqramının bu yaxınlarda qəbul edilməsini vurğulamaq istərdim.

Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan iqtisadi, mülki, mədəni, siyasi, sosial hüquqlar və inkişaf hüququ da daxil olmaqla bütün insan hüquqlarını əhatə edən dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiqdir. Azərbaycan bu ilin sonunda dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edəcəkdir. Ölkəm sosial təhlükəsizlik sistemini daha da inkişaf etdirdiyindən, bu hesabat fiziki qabiliyyəti məhdud olan insanlar da daxil olmaqla bütün həssas qrupların hüquqlarına xüsusi əhəmiyyəti əks etdirəcəkdir. Bu kontekstdə, biz BMT Baş katibinin BMT-nin işinin bütün istiqamətlərinə Əlilliyin Daxil edilməsi üzrə Sistem boyu Fəaliyyət Planının təşviq edilməsi qərarını alqışlayırıq".

Son xəbərlər

Orphus sistemi