Azad Rəhimov Rusiyaya gedib

Azad Rəhimov Rusiyaya gedib Nazir konfransda iştirak edəcək
Xarici siyasət
14 İyul , 2017 10:14
Azad Rəhimov Rusiyaya gedib
Report.az

Bakı. 14 iyul. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Məmurların növbəti Beynəlxalq Konfransı (MİNEPS VI) başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki gün davam edəcək konfransda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın əsas məqsədi idman sahəsində beynəlxalq tendensiyaların qiymətləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır ki, onlar gələcəkdə idman siyasətinin reallaşmasında məsul dövlət orqanları və idman təşkilatları üçün əsas istiqamət rolunu oynayacaq. Konfransda həmçinin Kazan deklarasiyasının müzakirə olunub qəbul edilməsi də nəzərdə tutulur.

Konfransda YUNESKO-ya üzv 196 ölkənin bədən tərbiyəsi və idman sahəsinə məsul rəhbərlərinin və nazirlərinin, həmçinin dövlət, beynəlxalq, qeyri-hökumət və elmi idman təşkilatlarının nümayəndələrinin və ekspertlərinin iştirakı gözlənilir.

Konfrans çərçivəsində nazir Azad Rəhimovun çıxışı nəzərdə tutulur. Nazir hər bir şəxsin, istər təhsil, istərsə də digər sahələrdə cəmiyyətdə inkişafında, sağlam nəslin formalaşmasında idmanın müstəsna rolundan, bununla yanaşı, Azərbaycanın idman uğurlarından və hazırda bu istiqamətdə görülən işlərdən, ölkənin 2015 Avropa Oyunları, Formula 1 Grand Pri turniri, 2017 IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etməsindən, oyunlar zamanı ölkəyə olan turist axınından, ölkədə fəaliyyət göstərən idman qurğularından və eyni zamanda, həyata keçirilməsi nəzərdə tutulan iri layihələr barədə məlumat verəcək.

Qeyd edək ki, beynəlxalq konfrans YUNESKO-nun Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi, Hər kəs üçün İdman Beynəlxalq Assosiasiyası, Bədən tərbiyəsi və İdman Beynəlxalq Şurası və Rusiya Federasiyasının İdman Nazirliyi ilə birgə təşkil olunur.

Son xəbərlər

Orphus sistemi