Aydos Sarım: "Dağlıq Qarabağ münaqişəsindəki hazırkı status-kvo həm Azərbaycan, həm də Ermənistanın inkişafına çox mane olur" - MÜSAHİBƏ

Aydos Sarım: "Dağlıq Qarabağ münaqişəsindəki hazırkı status-kvo həm Azərbaycan, həm də Ermənistanın inkişafına çox mane olur" - MÜSAHİBƏ "Münaqişənin həlli üçün yolları ilk növbədə Kremldə axtarmaq lazımdır"
Xarici siyasət
31 Avqust , 2016 11:09
Aydos Sarım: Dağlıq Qarabağ münaqişəsindəki hazırkı status-kvo həm Azərbaycan, həm də Ermənistanın inkişafına çox mane olur - MÜSAHİBƏ

Bakı. 31 avqust. REPORT.AZ/ Qazaxıstanlı politoloq Aydos Sarım Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyət və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri barədə "Report" agentliyinə müsahibə verib.

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı cari vəziyyəti necə qiymətləndirirsiniz? Sizcə, ilk mərhələdə işğal altında olan bir neçə rayonun Azərbaycana qaytarılması barədə deyilənlər nə dərəcədə realdır?

- Gözlənildiyi kimi, vəziyyət dondurulmuş halda qalıb. Və ilk növbədə ona görə ki, vəziyyətin bu cür olması bütün xarici oyunçular üçün əlverişlidir. Məhz bu səbəbdən Azərbaycan və Ermənistana böyük təzyiq göstərilib. Amma etiraf etməliyik ki, danışıqlar prosesinin həmsponsorlarının motivasiyası fərqli idi. Məsələn, Qərb, fikrimcə, daha rasional mövqe tutur və hazırda hər iki tərəfi həmişəlik razı salacaq münaqişənin sülh yolu ilə həllinin olmadığını başa düşür. Bununla yanaşı, Qərb ölkələri onsuz da geniş əhatəli münaqişəyə cəlb olunub və yeni münqaşiyə, özü də Rusiyanın mümkün iştirakı ilə olan münaqişəyə baş qoşmaq istəmirlər. Buna görə də onlar hər şeyi yaxşı vaxtlara, daha maraqlı və sərfəli məqama qədər təxirə salmağı üstün tutdu. Rusiyaya isə öz növbəsində, cənubunda yeni qaynaq münaqişə heç lazım deyil. Amma onlar münaqişənin tezliklə sülh yolu ilə həllini də istəmir. Rusiya keçmiş SSRİ ölkələrini iki yolla özünə bağlamağa çalışır: ya gərginlik ocaqları yaradaraq, ya da onları Avrasiya İttifaqına cəlb etməklə. Hazırda Rusiyanın özü də böyük problemlər yaşayır və hələ beynəlxalq münaqişələrdən necə maksimum dərəcədə bonuslar qazanacağını bilmir. Türkiyə, aydın məsələdir, indi sadəcə daxili və Suriyadakı işləriylə məşğul olur. Çətin ki, indi onlar Azərbaycana münasibətdə müttəfiq və ya digər öhdəliklərini yerinə yetirə bilsin.

Aydındır ki, belə vəziyyət əsas oyunçulara münaqişənin həlli üçün ən müxtəlif variantları təklif və təşviq etməyə, münaqişənin sülh yolu ilə həllində maraqlı olduqlarını göstərməyə mane olmur. Bu, eyni zamanda tərəflərin fikir və niyyətlərinin yoxlanması, bəlkə də yeni reallığın hazırlanmasıdır. Axı vəziyyətin dəyişməz olaraq qalmasının qeyri-mümkün olduğu aydındır. Çünki hazırkı status-kvo həm Azərbaycan, həm də Ermənistanın inkişafına çox mane olur. Digər tərəfdən son 20-25 il ərzində vəziyyət kəskin şəkildə dəyişib. Azərbaycan prinsipcə Dağlıq Qarabağ münaqişəsini hərbi yolla da həll etməyə hazırdır. Bir dövlət kimi Azərbaycan Cənubi Qafqazda ən ciddi hərbi potensiala malik ölkəyə çevrilib. Amma Azərbaycan özünü ehtiyatsız, riskli hərbi münaqişəyə ata bilməz. Buna görə də onun üçün yeganə ağlabatan addım taktiki gözləmə və Ermənistana qarşı bütün dünya üzrə xarici siyasi və informasiya təzyiqinin artırılmasıdır. Hazırda dünya ictimaiyyəti uzun qanlı müharibəyə sadəcə dözməz. BMT və ya Qərbin timsalında beynəlxalq ictimaiyyət münaqişənin alovlanmasında kimisə günahkar elan etsə, həmin tərəf çox çətin anlar yaşayacaq.

Bəlkə də Ermənistan münaqişənin hansısa qeyri-hərbi həlli üçün xoşbəxt olardı, amma onların Azərbaycana təzyiq göstərmək üçün heç bir resursları yoxdur. Digər tərəfdən, bu ölkənin daxilində narazılıq artır, müxalifət güc qazanır. Ermənistan hökuməti də ictimaiyyətin dəstəkləmədiyi hər hansı diplomatik addım ata bilmir. Bir növ şahmatdakı tsuqtsvanq (vəziyyəti pisləşdirəcək məcburi gediş zərurəti - red.) vəziyyəti yaranır. Məncə, belə vəziyyətdə tərəflərin heç biri Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici oyunçuların təklif etdiyi planlarla razılaşa bilməz.

- Qarabağ üzrə danışıqlar prosesinin intensivləşməsi fonunda Ermənistanda yenidən bu prosesi dayandıracaq addımlar atıla bilər?

- Vəziyyət heç də sadə deyil. Tərəflərdən birinin atışma təşkil etməsi kifayətdir ki, bütün sülh prosesi gücünü və mənasını itirsin. Bundan əlavə, Ermənistan xarici siyasi oyunçu kimi heç vaxt siyasi və iqtisadi cəhətdən müstəqil olmayıb. Hətta Dağlıq Qarabağ üzrə ciddi, nümayəndələrarası danışıqların başladığını fərz etsək belə, separatçı rejimin nümayəndələrinin bir anda sabitliyi poza biləcəklərini istisna etmək olmaz. Axı hərbi vəziyyət yalnız mülki vətəndaşlar üçün çətinlik törədir. Artıq onilliklər ərzində bundan mənfəət əldə edən, hətta kriminal fəaliyyət sahəsi kimi yararlanan hərbçilər üçün müharibə adi vəziyyətdir. Onlar heç onunla vidalaşmaq belə istəmir.

Qarabağ münaqişəsi zonasının xarici müdaxilə və xüsusi əməliyyatların, təxribatların təşkili baxımından çox həssas olduğunu da istisna etmək olmaz. Başqa sözlə, hətta Ermənistan rəhbərliyinin özünün qarabağlı muzdlu qatillərinə hansısa addımlar atmağa inandıra bilsə də, danışıqlara elə həmin Rusiya müdaxilə edə bilər. Münaqişənin həlli üçün yolları ilk növbədə Kremldə axtarmaq lazımdır. Kreml isə, bir daha təkrar edirəm, hələ belə reallığa hazır deyil. Buna görə də nə etsən, çıxılmaz vəziyyətlə üzləşəcəksən, hər şey dalana aparır.

- Münaqişənin həllinə töhfə vermək baxımından Qazaxıstanın rolunu necə qiymətləndirirsiniz? Aprel döyüşlərindən sonra ermənilər ölkənizin mövqeyinə görə Qazaxıstandan "incimişdilər". Bu barədə nə deyə bilərsiniz?

- Sülhməramlı və böyük geosiyasi oyunun iştirakçısı rolunu icra etmək Qazaxıstan rəhbərliyinin xoşuna gəldi. Buna görə də prezident Nazarbayev yenidən Azərbaycan və Ermənistanı danışıqlar masasına əyləşdirməyə cəhd etmək istəyir. Məncə, bizim rəhbərlik vəziyyəti bir qədər düzgün qiymətləndirmir və həll olunmayan məsələ və problemin olmadığını düşünür. Həm azərbaycanlıların, həm də ermənilərin milli psixologiyası nəzərə alınmır. Hər halda, prezident Nazarbayevin niyyətində səmimi olduğunu düşünürəm.

Düşünürəm ki, Qazaxıstan Xarici İşlər Nazirliyi bütün əsas oyunçularla intensiv danışıqlar və məsləhətləşmələr aparır. Mənə elə gəlir ki, bu tərəflər arasında hətta bir neçə görüşə gətirib çıxara bilər. Amma bu, nə dərəcədə effektli olacaq? Şəxsən mən belə perspektivə kifayət qədər skeptisizm ilə yanaşıram. Fikrimcə, uğurlu danışıqlar və nəticələr əldə etmək üçün Azərbaycan üç amili birləşdirməlidir: mütləq hərbi hökmranlığı; Ermənistana təzyiq edəcək geosiyasi mərkəzlər tərəfindən qeyd-şərtsiz dəstəyi; Ermənistandakı rejiminin və iqtisadi durumun iflasını. Nəzəri olaraq, ilk amil mümkündür, amma digər iki amil yenə bu gün də, gələcəkdə də Ermənistanı dəstəkləməyə davam edəcək Rusiyaya istiqamət alacaq.

- Bu problemin həllində növbəti addımları necə görürsünüz? Münaqişənin yenidən gərginləşməsi mümkündür?

- Artıq dediyim kimi, bu gün müharibəyə ilk başlamaq təhlükəlidir. Dünya ictimaiyyətinin fikrində təcavüzkar kimi rəy formalaşdırmaq çox gərəksiz riskdir. Buna görə də daha çox iki ssenari ola bilər: ya qısa müddət davam edən gərginlik anlarının təkrarlanması ilə status-kvonun davam etdirilməsi, ya da bütün nəticələri göz önünə alaraq tam miqyaslı müharibəyə başlamaq.

- Sizcə, Nazarbayevin Azərbaycan və Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini "ölü nöqtə"dən tərpədə biləcək? Ümumiyyətlə, bu səfərdən nə gözləyirsiniz?

- Yuxarıda qeyd etdiyim kimi, Nazarbayevin səfərindən ani nəticələr gözləmək lazım deyil. Azərbaycan dünyaya münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu göstərmək, amma eyni zamanda bu platformadan öz həqiqətlərini nümayiş etdirmək baxımından istifadə etmək üçün belə formata razılaşmalıdır. Çünki düzgün yanaşmada beynəlxalq səviyyədə problemin aktuallaşması da ölkənin mövqeyini gücləndirən amil ola bilər. Qalan şeylər üçün isə vaxt və bəlkə də bəxt lazımdır.

Son xəbərlər

Orphus sistemi