Yuxarı
    Bağlamaq

    Avropada azərbaycanlıların regional mərkəzləri yaradılır

    Bakı. 10 fevral. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı, Finlandiya-Azərbaycan Assosiyasiyasının ev sahibliyi ilə Helsinkidə Skandinaviya ölkələri üzrə azərbaycanlıların diaspor təşkilatlarının forumu keçirilib.

    "Report" xəbər verir ki, forumda AAK prezidenti Sahil Qasımov konqresin bu ayın sonunda baş tutacaq növbədənkənar qurultayı barədə məlumat verib.

    S. Qasımov qurultayın ardınca həyata keçiriləcək yeni layihələr, yeni hərəkatlar barədə də danışıb. AAK prezidenti həmçinin konqresin Avropanın regionları üzrə (Skandinaviya, Qərbi Avropa, Baltikyanı ölkələr, Şərqi Avropa və sair) mərkəzlərinin yaradılmasına start verildiyini açıqlayıb: "Tezliklə bu mərkəzlərin yaradılması başa çatacaq, rəhbərlər müəyyənləşəcək".

    Daha sonra görüləcək işlərdən detallar üzrə bəhs edilib. Təşkilat rəhbərləri təkliflərini açıqlayıb. AAK-ın vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev bildirib ki, Avropa ölkələrinin parlament və dövlət rəsmiləri ilə görüşdə Azərbaycanın işğala məruz qalması, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırma apararkən bunu qitənin özünün də məruz qaldığı separatçılıq faktları ilə müqayisəli şəkildə edilsin: “Yəni onlara aşılayaq ki, vaxtında Qarabağda baş qaldıran separatizmə diqqətlə yanaşılsaydı, qarşısı alınsaydı, proses bu gün belə kütləvi şəkildə Avropaya da sirayət etməzdi". R. Tağıyev AAK-ın maliyyələşdirilmə məsələsinin də birdəfəlik həll edilməsini təklif edib.

    Finlandiya-Azərbaycan Assosiyasiyasının həmsədri Arzu Muradlı isə təmsil etdiyi təşkilatın bu il 10 ili tamam olmasını xatırladıb və yeni layihələrindən danışıb. O, AAK-a 2017-də qəbul etdiyi yol xəritəsini yerinə yetirmək, regionlarda təşkilatlanmanı sürətləndirmək və yerli siyasətçi və parlamentarilər ilə görüşləri intensivləşdirməyi təklif edib.

    AAK icraiyyə komitəsinin üzvü, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva isə bildirib ki, sosial şəbəkələrdə kütləvi fəallığın artırılmalı, bu, konqresin adı ilə aparılmalıdır. O, qeyd edib ki, bunu müxtəlif dillərdə aparmaq lazımdır.

    M. Fətəliyeva həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı AAK-ın həyata keçirəcəyi layihələrdən də danışıb. O, 100 il əvvəl şərqdə ilk dəfə olaraq qadına səsvermə hüququnun Azərbaycanda verilməsinin Avropa dairələrində təbliğinin vacibliyini bildirib.

    AAK icraiyyə komitəsinin üzvü, İsveç Azərbaycan diasporunun rəhbəri Nadir Hollenbrand isə Avropanın tarixçiləri ilə daha çox işləməyə təklif edib: “Onsuz da siyasətçilər Azərbaycanın Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı həmişə dəqiq reaksiyalar vermirlər. Amma tarixçilər ilə bunu çox yüksək səviyyədə işləmək olar. Biz bunların tarixçilərinə faktları təqdim etsək, bunun çox ciddi nəticəsi olacaq".

    Forumda Yaşar Niftəliyev( Almaniya), Təranə Nəzərova (Finlandiya), Səfər Sadiqi (Danimarka) və digərləri də fikirlərini səsləndiriblər.

    AAK prezidenti Sahil Qasımov təkliflərə baxılacağını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi