Yuxarı

Arizona Senatında Azərbaycana dair geniş təqdimat keçirilib

Arizona Senatında Azərbaycana dair geniş təqdimat keçirilib

Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ-ın Arizona ştatının qanunverici orqanının tarixi binasında (Arizona State Capitol) Azərbaycanın müasir inkişafına, xüsusilə ölkəmizdə mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrinə dair geniş tədbir keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Arizona Ştat Senatı və Nümayəndələr Palatasının üzvləri, xarici ölkələrin baş və fəxri konsulları, müxtəlif dini icmaların rəhbərləri və tanınmış din xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Azərbaycanın tarixindən, müstəqil dövlət kimi inkişafından, eləcə də multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. Diplomat, ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında günü-gündən daha da gücləndiyini diqqətə çatdırıb.

Sonra Arizona Ştatı Nümayəndələr palatasının spikeri C.D. Mesnard (J.D. Mesnard) çıxış edərək, ötən il Azərbaycana etdiyi səfərindən xoş təəssüratlarla qayıtdığını, Azərbaycanın qısa müddətdə nail olduğu sürətli inkişafı öz gözləri ilə görməkdən məmnun olduğunu bildirib. O, ölkəmizdə mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrindən olduqca təsirləndiyini, Quba rayonuna səfər edərək orada yəhudilər ilə müsəlman azərbaycanlılar arasında mövcud olan sıx dostluq münasibətlərinə heyran qaldığını diqqətə çatdırıb. Spiker, Azərbaycan ilə Arizona ştatı arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın mövcudluğunu qeyd edərək, bu əməkdaşlığın daha da inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin rəhbəri, 2009-2017-ci illərdə ABŞ Prezidenti Administrasiyasında yüksək vəzifə tutmuş Canna Skot (Jannah Scott) çıxışında bu tarixi məkanda belə bir mühüm tədbirin keçirilməsindən çox məmnun olduğunu vurğulayıb. O, Azərbaycana bir neçə dəfə səfər etdiyini, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti ilə yaxından tanış olduğunu və ölkəmizin tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini qeyd edib.

Daha sonra Arizona Ştat Senatı sədrinin müavini Con Kavana (John Kavanagh) çıxış edərək, ABŞ və Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini, Azərbaycanın ABŞ üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb. O, Arizona Ştat Senatı tərəfindən Azərbaycana dair qəbul edilmiş bəyannaməyə toxunaraq, Senatın Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə güclü dəstək ifadə etdiyini bildirib.

Çıxışlardan sonra Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən qısa film nümayiş etdirilib. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi