AİDA İordaniyada suriyalı qaçqınlara yardım göstərir

AİDA İordaniyada suriyalı qaçqınlara yardım göstərir Əşrəf Şıxəliyev: "Bu il böyük nailiyyətlər əldə etmişik və fəaliyyətimizi genişləndirmişik"
Xarici siyasət
17 Dekabr , 2015 13:27
AİDA İordaniyada suriyalı qaçqınlara yardım göstərir

Bakı. 17 dekabr. REPORT.AZ/ "2015-ci il agentliyin fəaliyyəti baxımından uğurlu olub. Bu il böyük nailiyyətlər əldə etmişik və fəaliyyətimizi genişləndirmişik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda son illərdəki sürətli inkişafı Azərbaycanın yardım donoru olmasına gətirib çıxarıb. O, bunu ölkə tarixində mühüm addım adlandırıb. Ə.Şıxəliyev agentliyin 2011-ci ildə yardımın mərkəzləşdirilmiş qaydada paylanması məqsədilə yaradıldığını da qeyd edib.

Humanitar sahədə fəaliyyətləri barədə danışan AİDA rəhbəri Agentliyin Afrikada katarakta qarşı keçirdiyi kampaniyanın vacibliyini qeyd edib: "İslam İnkişaf Bankı ilə birgə keçirilən kampaniya çərçivəsində azərbaycanlı oftalmoloqlar 50 min nəfərin görməsini bərpa edib. İndi bu kampaniyanın ikinci mərhələsi üzərində işləyirik".

Ə.Şıxəliyev, həmçinin bildirib ki, AİDA hazırda İordaniyada suriyalı qaçqınlara yardım göstərir. Agentlik rəhbəri AİDA-nın 2015-ci ildə Afrikada Ebola virusu ilə mübarizə üçün 1 milyon dolları ayırdığını xatırladıb.

Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri başçılıq etdiyi təşkilatın 2015-ci ildə əldə etdiyi ən böyük nailiyyət kimi AİDA nümayəndəsinin BMT-nin fövqəladə halların qarşısının alınması Fonduna daxil olmasını göstərib: "Bu, Azərbaycanın qlobal humanitar məsələlərin həlli ilə məşğul olduğunu göstərir. Gənc agentlik üçün bu çox vacibdir. Bu, həmçinin yeni tərəfdaşlar əldə etmək üçün əhəmiyyətlidir".

Son xəbərlər

Orphus sistemi