Yuxarı

"Agenparl": Prezident İlham Əliyev Azərbaycan diasporunun fəaliyyətinin Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcəyinə inanır

"Agenparl": Prezident İlham Əliyev Azərbaycan diasporunun fəaliyyətinin Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcəyinə inanır

Agenparl informasiya agentliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məqalə dərc edilib

Bakı. 1 yanvar. REPORT.AZ/ İtaliyanın "Agenparl" informasiya agentliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məqalə dərc edilib.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən "Report"a verilən məlumata görə, məqalədə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyəti, dövlətimizin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gəlmələri və daim həmrəy olmaları naminə yürütdüyü ardıcıl siyasət barədə söhbət açılıb.

Yazıda dünya azərbaycanlılarının sayının 50 milyon nəfərdən artıq olduğu və onların 10 milyon nəfərinin Azərbaycanda yaşadığı vurğulanıb. Bildirilib ki, azərbaycanlılar minilliklər boyu bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Dünyada və regionda baş vermiş müharibələr, inqilablar, hərbi münaqişələr Azərbaycanın parçalanmasına səbəb olub, azərbaycanlıların bir hissəsi sürgünə məruz qalıb, müxtəlif səbəblərdən öz doğma torpaqlarını tərk edərək digər ölkələrdə məskunlaşmağa məcbur olublar.

Məqalədə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin sədrliyi ilə Ali Məclisin 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı qərar qəbul edərək, Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanladığı və Ali Sovetin həmin günlə bağlı müvafiq qanun qəbul etdiyi bildirilir.

Müəllif dövlətimiz tərəfindən dünya azərbaycanlılarının bir araya gəlməsi və Vətənlə təmaslarının möhkəmləndirilməsi naminə yürütdüyü ardıcıl siyasət haqqında məlumat verərək, dünya azərbaycanlılarının milli birliyinin ilk ideoloqunun, təbliğatçısı və təşkilatçısının ümummilli lider Heydər Əliyev olduğunu bildirir, onun xarici ölkələrə etdiyi bütün səfərlərdə həmin ölkələrdə yaşayan və işləyən soydaşlarımızla görüşdüyünü, hər zaman onların problemləri ilə maraqlanaraq daha sıx birlik üçün dəyərli məsləhətlər verdiyini vurğulayır. Ümummilli Liderin prezidentliyi dövründə 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirildiyi və qurultayda onun söylədiyi “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərinin hər kəsin yaddaşına əbədi həkk olunduğu qeyd edilir.

Yazıda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanır və onun "Dünya Azərbaycanlılarının İkinci Qurultayının keçirilməsi haqqında" sərəncamına müvafiq olaraq, 2006-cı il martın 16-da ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına böyük töhfə vermiş ikinci möhtəşəm tədbirin keçirildiyi diqqətə çatdırılır.

Həmçinin 2008-ci il dekabrın 18-də qəbul edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının əhəmiyyətinə toxunularaq, sənədin xaricdə yaşayan soydaşlarımızın birliyini daha da gücləndirmək və tarixi Vətənlə təmaslarını möhkəmləndirməkdən əlavə, Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzinə çevrildiyini təsdiq etdiyi vurğulanır.

Məqalədə xarici ölkələrdəki Azərbaycan diasporunun fəaliyyəti haqqında danışılaraq, onların yaşadıqları ölkələrin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal rol oynadıqları, həmin ölkələrlə Azərbaycan arasında münasibətlərin daha da inkişafına dəyərli töhfə verdikləri, həmçinin ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin fəal təşviqində və Ermənistanın ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət göstərdikləri diqqətə çatdırılır. Bu fəaliyyətin Avropa ölkələrində, o cümlədən İtaliyada də aparıldığı qeyd olunaraq, əsasən müxtəlif universitetlərdə oxuyan tələbələrdən və sosial, iqtisadi, gənclər, mədəni, akademik təşkilatlar və dostluq assosiasiyalarından ibarət olan İtaliyadakı diasporumuzun son illərdə italyan ictimaiyyətinin müxtəlif nümayəndələri ilə əlaqələr quraraq öz qüvvələrini səfərbər etdikləri və Azərbaycanla bağlı məlumatların İtaliya ictimaiyyətinə çatdırılmasına, həmçinin iki ölkə arasındakı əməkdaşlığa əhəmiyyətli töhfə verdikləri vurğulanır.

Yazıda Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciətindən də söhbət açılır və aşağıdakı fikirlərinə yer verilir: “Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir”.

Prezident İlham Əliyevin 2017-ci il üçün Azərbaycanın hərtərəfli inkişafına hədəflənmiş məqsədlərə çatmaq, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr, o cümlədən beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görülmüş işlərlə bağlı mövzulardan əlavə, dünya azərbaycanlılarının vəzifələrindən də danışdığı bildirilir. Qeyd edilir ki, dövlət başçısı Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb. Prezident xaricdə yaşayan azərbaycanlıların milli maraqların müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməli olduqlarını, Azərbaycan diasporunun məqsədyönlü və birgə fəaliyyətinin ölkənin gücünü daha da artıracağına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına və Azərbaycanın ərazi bütövlüyünün bərpasına sanballı töhfə verəcəyinə inamını ifadə edib.

Yazıda həmçinin Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin Romada tədbir təşkil etdiyi qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi