ABŞ konsulu "GreenCardVisa" fırıldaqçılığı ilə üzləşmək istəməyən şəxslərə tövsiyələr verib

ABŞ konsulu "GreenCardVisa" fırıldaqçılığı ilə üzləşmək istəməyən şəxslərə tövsiyələr verib ABŞ-ın Azərbaycandakı konsulu Ceremi Littl GreenCardVisa fırıldaqçılığı ilə üzləşmək istəməyən şəxslərə bir sıra tövsiyələr verib.
Xarici siyasət
3 İyun , 2019 20:13
ABŞ konsulu GreenCardVisa fırıldaqçılığı ilə üzləşmək istəməyən şəxslərə tövsiyələr verib

ABŞ-ın Azərbaycandakı konsulu Ceremi Littl "GreenCardVisa" fırıldaqçılığı ilə üzləşmək istəməyən şəxslərə bir sıra tövsiyələr verib. 

"Report"un məlumatına görə, diplomat bildirib ki, hər il Viza Lotereyası proqramının ("GreenCardVisa") sayəsində 50 min insana viza verilir: "Bu proqrama müraciət etmək ödənişsizdir. Həmin insanlar, onların həyat yoldaşları və ailə qurmamış 21 yaşdan kiçik olan övladları Birləşmiş Ştatlara köçmək üçün müraciət edərək orada daimi yaşamaq və sonda ABŞ vətəndaşlığını əldə etmək hüququ qazanırlar".

"Təəssüflər olsun ki, Azərbaycan da daxil olmaqla, çoxsaylı ölkələrdə Viza Lotereyası proqramından ("GreenCardVisa") yararlanmağa çalışan qeyri-dürüst və dələduz insanlar var. Son zamanlarda "GreenCard" təşkilatları və digər şirkətlər vasitəsilə müraciət edən insanların sayında artım müşahidə edirəm. Lakin bu şirkətlərin tez-tez verdiyi vədlərə baxmayaraq, onların vasitəçiliyi ilə etdiyiniz müraciət seçilmə şansınızı artırmır, əksinə, üstəlik, sizdən xərc də tələb edir. Nəticə etibarilə bu kimi müraciət sizin Amerikaya köçmək və hətta səfər etmək imkanlarınıza ciddi xələl gətirə bilər. Sözügedən təşkilatlar şəxsi məlumatları aldıqdan sonra onlardan icazəsiz hər il eyni müraciəti onların adından edirlər. Müraciət edən şəxsin seçildiyi təqdirdə, həmin şirkətlər ondan lazım olan hesabı əldə etməsi üçün ədalətsiz şəkildə əlavə ödəniş tələb edir. Halbuki insanlar özləri müraciət etdiyi təqdirdə, heç bir ödəniş etməli deyil. Tez-tez həmin şirkətlər müraciət edənə dair düzgün məlumat təqdim etmir. Ola bilər ki, müraciət edən Viza Lotereyası proqramı ("GreenCardVisa") çərçivəsində seçilsin və şirkətə böyük məbləğdə ödənış etsin. Lakin nəticədə ona dair şəxsi məlumatların dəqiq olmaması səbəbindən onun müraciətinə imtina cavabı verilsin. Sizə dair şəxsi məlumatı sizdən yaxşı bilən ola bilərmi? Nəyə görə risk edib öz müraciətinizin təqdim olunmasını sizə can yandırmayan və yalnız sizin sayənizdə qazanc əldə etmək istəyən səxslərə etibar etməlisiniz? Ona görə də Viza Lotereyası proqramına ("GreenCardVisa") müraciət edərkən üç vacib məqamı yadda saxlamaq lazımdır: müraciət formasında adınızın əsas əlaqədar şəxs kimi göstərilməsinə, lazımi identifikasiya nömrəsinə yalnız sizin malik olduğunuza əmin olmalısınız və müraciət zamanı sizə göstərdiyi “yardım”a görə kiməsə ödənilən pul sizin seçim şansınızı artırmır. Əslində bu insanlar pulunuzu əldə edib sizin şansınıza xələl yetirə bilərlər. İngilis dilinin səviyyəsi aşağı olan şəxslərə verdikləri məlumatların təhlükəsizliyini təmin etmək üçün müraciət formasında adlarının əsas əlaqədar şəxs kimi göstərilməsi və zəruri identifikasiya nömrəsinin yalnız onlarda olması vacibdir" - o qeyd edib.

Konsul Viza Lotereyası proqramı ("GreenCardVisa") barədə məlumat almaq istəyən şəxslərə ABŞ səfirliyinin internet səhifəsinə (https://az.usembassy.gov/) daxil olmağı, hər hansı dələduzluq faktı ilə üzləşblərsə, [email protected] ünvanına müraciət etməyi məsləhət görür: "ABŞ səfirliyinin Viza Lotereyası proqramına ("GreenCardVisa") müraciətdə sizə yardım təklif edən hansısa üçüncü tərəf ilə əlaqəsi yoxdur. Siz onlardan nə yararlı məlumat əldə edə bilər, nə də öz seçilmək şansınızı artıra bilərsiniz". 

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci il üçün Viza Lotereyası proqramının (GreenCardVisa) ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi