ABŞ səfiri Salyana səfər edib

ABŞ səfiri Salyana səfər edib ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Salyan rayonuna səfər edib.
Xarici siyasət
17 Dekabr , 2019 17:14
ABŞ səfiri Salyana səfər edib

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Salyan rayonuna səfər edib.

Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Ö.Litzenberqer səfər zamanı Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüb, Şirvan Milli Parkını gəzib və yerli tələbələrlə görüşmək üçün Salyan Amerika Guşəsini ziyarət edib.

Şirvan Milli Parkında Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş ceyran kimi nadir növlərin və qışda bataqlıq ərazilərdə yuva qurmaq üçün buraya köçən gözəl flaminqoların olması səfirdə böyük təəssürat oyadıb. Səfir flora və faunanın özlüyündə mühafizəsinin vacibliyini, həmçinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və turizm imkanlarının inkişaf etdirilməsi səylərinin bir hissəsi olaraq qorunmasının önəmini vurğulayıb və milli parkların bu missiyadakı rolunu yüksək qiymətləndirib.

Ö.Litzenberqer Salyan Rayon Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsinə baş çəkərək ərazidəki ibtidai və orta məktəb uşaqları ilə görüşüb.

İngilis dilində aparılan söhbət zamanı uşaqlar səfirə ABŞ, iki ölkə arasındakı fərqlər və oxşarlıqlar barədə sual vermək şansı əldə ediblər.

Qeyd edək ki, Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində (ADU) yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika guşələri də daxildir. Bu mərkəz və guşələr ingilis dilini təkmiləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Guşələr, həmçinin mühazirələr, danışıq klubları, hər bir icma nümayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Son xəbərlər

Orphus sistemi