Yuxarı

ABŞ-ın Qərbi Hollivud şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

Bununla bağlı şəhər meri Con Heylman və Şəhər Şurasının üzvləri tərəfindən yekdilliklə müvafiq bəyannamə qəbul edilib

Bakı. 26 may. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Qərbi Hollivud şəhərində mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib. 

Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Məlumata görə, bununla bağlı şəhər meri Con Heylman və Şəhər Şurasının üzvləri tərəfindən yekdilliklə müvafiq bəyannamə qəbul edilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilən bəyannamədə, Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika (ADR) təsis etdiyi və İslam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilib. Həmçinin qeyd olunub ki, bu respublika ABŞ və digər demokratik dövlətlər tərəfindən tanınmışdı.

Sənəddə qeyd olunub ki, ADR dövründə dini etiqadından, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verib. Nəzərə çatdırılıb ki, Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan da bir il öncə verilib.

Müstəqilliyin bərpasından keçən dövr ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və mühüm önəmə malik Xəzər regionunda ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrildiyi vurğulanıb.

Həmçinin qeyd olunub ki, ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı 28 mayı Milli Gün kimi qeyd edir.

Bəyannamənin sonunda vurğulanıb ki, 28 may tarixi Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” elan edilib və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilib.

Qeyd edək ki, Kaliforniyanın Santa Monika və Torrens şəhərlərində də 28 may tarixi “Azərbaycan Milli Günü” elan edilib. Həmçinin, Los-Anceles Vilayətinin Nəzarətçilər Şurası, Los-Anceles Vilayətinin Qiymətləndiricisi və Kaliforniya Senatoru Ben Allen də Baş Konsulluğa müvafiq təbriknamələr göndəriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi