​ABŞ-ın Azərbaycandakı səfiri: "Prezident İlham Əliyevin səfərinin baş tutması üçün hər iki ölkə səylə çalışıb"

​ABŞ-ın Azərbaycandakı səfiri: "Prezident İlham Əliyevin səfərinin baş tutması üçün hər iki ölkə səylə çalışıb" "Azərbaycanın təcrübəsindən də bəhrələnə bilərik"
Xarici siyasət
15 Aprel , 2016 14:57
​ABŞ-ın Azərbaycandakı səfiri: Prezident İlham Əliyevin səfərinin baş tutması üçün hər iki ölkə səylə çalışıb

Bakı. 15 aprel. REPORT.AZ/ "Dövlət katibi Con Kerri "Cənub Qaz Dəhlizi", eyni zamanda Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etməsi ilə bağlı atdığı addımları təqdir edib".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta "Amerikanın səsi" radiosuna musahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri ilə bağlı sualı cavablandırarkən deyib.

"Prezident İlham Əliyev bu yaxınlarda ABŞ-a çox uğurlu bir səfər edib. Bu səfərin baş tutması üçün hər iki ölkə səylə çalışıb. Fikrimizcə, səfər çox uğurlu olub", - deyə səfir bildirib.

Onun sözlərinə görə, müzakirə edilən məsələlər arasında ABŞ investisiyalarının Azərbaycana cəlb olunması, bunun üçün yumşaq infrastruktur adlandırılan addımların atılması, ümumilikdə iqtisadiyyatın inkişafı məsələləri olub: "Bildiyiniz kimi, neft qiymətlərinin enib-qalxması çox sayda azərbaycanlıların maliyyə itkiləri ilə nəticələnib, bu, Birləşmiş Ştatların bölgələrinə də birbaşa təsir göstərir. Bu məsələ ilə bağlı bizim ölkənin təcrübəsi var. Biz bu sahədə malik olduğumuz təcrübənin mübadiləsini apara bilərik, eyni zamanda Azərbaycanın təcrübəsindən də bəhrələnə bilərik - bu, qarşılıqlı əməkdaşlıqdır. Mənim sadaladığım bu və digər məsələlər Vaşinqtonda aparılan müzakirələrin mühüm hissəsi olub. Əlbəttə insan haqları, demokratiya və iqtisadiyyatın inkişafı kontekstində qanunun aliliyi məsələləri də müzakirə edilib".

Aprelin 2-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində yaranan gərginliklə bağlı suala Robert Sekuta belə cavab verib: "Səfir Ceyms Uorlik keçən həftə burada olarkan bu məsələ ilə bağlı fikirlərini bildirmişdi. Mənə gəldikdə isə bir neçə məqamı qeyd etmək istəyirəm. Birincisi, ABŞ bütöv, azad və dinc şəraitdə yaşayan Avropa ideyasını bəyan edib. Amma məcazi şəkildə desək, hansısa bir parçanın üzərində dəliklər varsa, süzülmələr varsa, biz o parçanın bütöv, salamat olmasından danışa bilmərik. Onu da qeyd etmək istəyirəm ki, bizim Minsk qrupunda həmsədrimiz olan səfir Uorliki də mən uzun müddətdir tanıyıram. Bilirəm ki, o, həmsədrlərdən biri kimi hərtərəfli nizamlanma, bu istiqamətdə irəliləyiş əldə edilməsi üçün çox səylə çalışır. Əlbəttə, siz sammit vaxtı Vaşinqtonda verilən və sonradan verilən bəyanatlarla da tanışsınız. Onlar Birləşmiş Ştatlar üçün münaqişənin həllinin nə dərəcədə vacib olduğunu göstərir.

İndi bizim diqqət yetirməli olduğumuz vacib məsələ tərəflərin atəşkəs rejiminə ciddi əməl etməsidir. Tərəflərin Minsk qrupu həmsədrləri ilə birgə irəliyə doğru yolun tapılması və hərtərəfli nizamlanma və həllin əldə olunmasına çalışmalarıdır. Bu ölkədə olduğum müddətdə məcburi köçkünlərlə görüşlərimdən gəldiyim qənaət və əldə etdiyim biliklər bundan ibarətdir ki, bu münaqişənin çox böyük insani zərbəsi də vardır. Çox vacib bir məsələ var. Biz son döyüşlərdə həyatını itirən insanlarla bağlı tərəflərə, onların ailələrinə, yaxınlarına başsağlığı vermişik. Amma bu məsələnin problemi yaşayan insanlarla bağlı ağırlığı qalır. Tərəflərin bir araya gəlməsi, irəliyə doğru yol tapması çox vacibdir. Minsk qrupu həmsədrlərinin vəzifəsi və tapşırığı məhz bu işə kömək etməkdir. Səfir Uorlik Prezident Əliyevin və prezident Sarqsyanın atəşkəs rejiminə sadiq olduqları fikrini qeyd edərkən hər iki prezidentin, hər iki tərəfin bu istiqamətdə addım atmasının vacibliyini də vurğulamışdı".

Son xəbərlər

Orphus sistemi