“Yüzilliyin marşı” sənədli filminin təqdimatı keçirilib

“Yüzilliyin marşı” sənədli filminin təqdimatı keçirilib Media İnkişaf Mərkəzi İctimai Birliyi “Yüzilliyin marşı” sənədli filminin təqdimatını keçirib. Film, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ““Yüzilliyin marşı” sənədli filminin hazırlanması” layihəsi çərçivəsində ərsəyə gətirilib.
Daxili siyasət
16 Avqust , 2019 18:44
“Yüzilliyin marşı” sənədli filminin təqdimatı keçirilib

Media İnkişaf Mərkəzi İctimai Birliyi “Yüzilliyin marşı” sənədli filminin təqdimatını keçirib. Film, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ““Yüzilliyin marşı” sənədli filminin hazırlanması” layihəsi çərçivəsində ərsəyə gətirilib.

"Report"un xəbərinə görə, Media İnkişaf Mərkəzi (MİM) İctimai Birliyinin sədri Qabil Abbasoğlu çıxışında bildirib ki, film Azərbaycanda ordu quruculuğunun və hərb ənənələrimizin tarixindən bəhs edir. Həmçinin filmdə Azərbaycan ordusunun müasir qüdrətindən, ölkəmizin yetişdirdiyi hərbi şəxsiyyətlərin həyatından, cəmiyyətdə orduya sağlam münasibətin möhkəmlənməsi istiqamətində görülən işlərdən söz açılır.

Azərbaycan Silahlı Qüvvələrinin tarixindən danışan Q.Abbasoğlu bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi: “Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı”.

MİM sədri daha sonra qeyd edib ki, Azərbaycanın NATO ilə sıx əməkdaşlığı ordu quruculuğunun təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edir, ən son hərb yeniliklərini mənimsəyirlər.

Q.Abbasoğlu deyib ki, Azərbaycan ordusunun bu şanlı tarixinin ictimaiyyət, xüsusilə gənclər arasında təbliğinə ehtiyac var. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı son illərdə ordu mövzusu və hərbi vətənpərvərlik ideyası, şübhəsiz, ictimai əhəmiyyət daşıyır. Bu baxımdan, ordu mövzusunu və hərbi vətənpərvərlik ideyasını əks etdirən görsəl materialların, əyani vəsaitlərin çoxluğu zəruridir.

Filmin nümayişindən sonra müzakirələr başlayıb.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli bildirib ki, bu filmin cəmiyyətimizin hər bir üzvü üçün böyük əhəmiyyəti var: “Az maliyyə ilə belə bir film hazırlamaq özü ciddi əmək tələb edir. Bu cür işlər təkcə maliyyə ilə başa gəlmir, burada vətənə olan sevgi də ciddi rol oynayır”.

Filmin ssenari müəllifi İlham Tumas isə filmin necə ərsəyə gəlməsindən danışıb: “Azərbaycanda, xüsusilə də tarixi mövzuda sənədli filmlər hazırlamaq çətindir. Düşünürəm ki maraqlı film alınıb”.

Qarabağ qazisi, “qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlu çıxışında qeyd edib ki, bu cür vətənpərvərlik mövzusunda materialların hazırlanması üçün daha artıq maliyyə vəsaiti ayrılmalıdır. O bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının son illərdə hərbi-vətənpərvərlik mövzusuna diqqət ayırması təqdirəlayiq hadisədir.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal nitqində Azərbaycan dövlətçiliyinin və ordusunun tarixindən söz açıb. Aqil Camal qeyd edib ki, bu cür filmlər, qısa metrajlı olsa da, sosial şəbəkələr vasitəsi ilə daha çox tamaşaçıya, xüsusilə də gənclərə çatdırılmalıdır.

Tədbir müzakirələrlə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi