Yuxarı

YAP yeni parlamentin formalaşmasını qarşısına məqsəd qoyursa, deməli, konkret konsepsiyaları var - RƏY

YAP yeni parlamentin formalaşmasını qarşısına məqsəd qoyursa

“YAP ölkənin aparıcı siyasi qüvvəsidir, hakim partiyadır, digər tərəfdən ölkənin inkişafında əsas meyllərin həm müəyyən edilməsi, həm onların təmin olunmasında aparıcı rol oynayıb. Bu baxımdan siyasi elitaların, təşkilatların bir nömrəli vəzifəsi ondan ibarətdir ki, gələcəyə aparan yolda onlar aydın bir mənzərənin formalaşmasını təmin etsinlər”.

Bu fikirləri “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, ölkə rəhbərliyi, Prezident özü islahatları həyata keçirməklə Azərbaycan vətəndaşları üçün yaşayış keyfiyyətinin üstün olmasına, sosial blokun zənginləşməsinə nail olmaq qarşıya məqsəd kimi qoyulub: 

“Ona görə də bu innovativ yanaşma bütün institutlara öz təsirini göstərməlidir. Parlamentin də əsas qanunverici orqan olaraq, ola bilsin ki, gündəlik fəaliyyətini diqqətdən kənarda saxlayırıq, ya da ikinci plana atırıq, amma əslində elə deyil. İstənilən inkişaf proqramları həmişə mükəmməl təkmil və proqmatik hüquqi bazaya söykənirlər. Milli Məclis də hakimiyyətin bir qoludur, onunla da bağlı islahat aparılmasına ehtiyac var. Çünki zaman ötdükcə, yeni tələblər ortaya çıxdıqca, yeni standartlar olduqca hiss edilir ki, bu və ya digər sahələrdə islahatlar olmalıdır. Daha yeni əsaslar üzərində onlar yenidən qurulmalıdır. Bu yanaşma ilə problemi nəzərdən keçirir və özündə güc hiss edir. Ona görə də hesab olunur ki, köhnə fikirlərlə, arxaik yanaşmalarla yeni dövrə başlamaq doğru olmazdı. YAP yeni parlamentin formalaşmasını qarşısına məqsəd qoyursa, deməli, onların bu məsələ ilə bağlı konkret fikirləri, konsepsiyaları var”.

Tofiq Abbasov

Politoloq Tofiq Abbasov: 

"İslahatlara başlayan qüvvə hər zaman bir məsələni diqqətə alır ki, geri dönməyə yol yoxdur, ancaq irəli getmək lazımdır".

T.Abbasov bildirib ki, siyasi məsələlərdə təyin olunmuş çərçivələr yoxdur:

“Demokratiya, siyasi etika, etiketdə müxtəlif səviyyələr var. Bu məsələdə dünya təcrübəsində var, Azərbaycanda da həmin təcrübədən istifadə olunur. Azərbaycanda inkişafda, inkişaf prosesində yeni imkanlar açılırsa, bunun nəyi pisdir? Yeni imkanlar, yeni ehtiyat variantlarının olması hər zaman yaxşıdır. Milli Məclisin buraxılması Prezidentin deyil, hakim partiyanın təşəbbüsüdür. Həmin bu təşəbbüsün irəli çıxması Prezident tərəfindən necə qarşılanması ikinci məsələdir. Son sözü Prezident deməlidir”.

T.Abbasov deyib ki, ölkə başçısı Bakı Dövlət Universitetinin 100 illiyi mərasimində çıxışı zamanı çox əhatəli bir yanaşma sərgiləyib:

“Biz gördük ki, Prezident faktiki olaraq özünün manifest tipli fundamental çıxışında bütün sahələri əhatə etdi. Dedi ki, bizim gələcəklə bağlı, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi ilə bağlı planlarımız tutarlıdırsa, biz gərək islahatları davam etdirək. İslahatları başlamaq asan olur, ancaq onlar həm də sınaq deməkdir. İslahatlara başlayan qüvvə hər zaman bir məsələni diqqətə alır ki, geri dönməyə yol yoxdur, ancaq irəli getmək lazımdır. İslahatları saxlamaq hər zaman təhlükə yaradır. O baxımdan da Prezident çıxışında bir daha bildirdi ki, Azərbaycanda gedən bu dəyişikliklər, islahatlar düşünülmüş formada həllini tapır, eləcə də bizim həyatımızın yaxşılaşmasına, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə hesablanır”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi