Yuxarı

YAP: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi yerində və zamanında atılmış addımdır

YAP: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi yerində və zamanında atılmış addımdır
Siyavuş Novruzov: Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasını ölkə ictimaiyyəti yüksək qiymətləndirəcək

Bakı. 21 fevral. REPORT.AZ/ "Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi gözlənilən idi. Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasını ölkə ictimaiyyəti yüksək qiymətləndirəcək. Onun işinə hər kəs bələddir. Bu, Azərbaycanın bir uğurudur".

Bunu "Report"a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Mehriban Əliyeva dünyada kifayət qədər tanınmış ictimai-siyasi xadimdir: "Mehriban Əliyeva Milli Məclisin deputatı və Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanı dünyada təmsil edib, Azərbaycanın haqq işini bütün dünya ictimaiyyətinə çatdırıb. Mehriban xanım ayrı-ayrı dövlət başçıları, din xadimləri ilə görüşlərdə, müxtəlif beynəlxalq konfranslarda çıxışlarında Azərbaycan həqiqətlərini söyləyib. Mehriban Əliyevanın təşəbbüsü ilə indiyə qədər 4 amnistiya aktı qəbul olunub. Bu da 40 mindən artıq şəxsə şamil olunub. Azərbaycanda keçirilən ən mötəbər tədbirlərə Təşkilat Komitəsinin sədri kimi rəhbərlik edib. Bu tədbirlər çox böyük uğurla keçirilib. Bir il müddətində Bakı Olimpiya Stadionun tikilməsi və “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi böyük işdir. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində də Mehriban Əliyevanın rolu böyük olub. IV İslam Həmrəylik Oyunlarının keçirilməsi də Mehriban xanıma həvalə edilib. Onun dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, o cümlədən multikultural dəyərlərin inkişafında çox böyük səyi olub. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidentidir. Fond məktəblər, uşaq bağçaları, xəstəxanalar tikib, mədəniyyət abidələri təmir edib.

Mehriban Əliyevanın dövlət idarəçiliyində xüsusi rolu var. Mehriban xanım ona müraciət edən insanları heç vaxt diqqətdən kənarda qoymayıb. O, Prezident İlham Əliyevlə birgə cəbhə bölgəsində əsgərlərimizi ziyarət edib, evləri dağılan vətəndaşlara baş çəkib.

Bilirsiniz ki, Heydər Əliyev Fondunun "Xocalıya ədalət" kampaniyası uğurla davam etdirilir. Mehriban xanım Roma Katolik Kilsəsi, Vatikanla əlaqələrin qurulmasında xeyli iş görüb, ermənilərin Azərbaycanın mədəniyyət abidələrini dağıtması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Bütün bunlar göstərir ki, bir insan necə böyük işlər görüb".

S.Novruzov vurğulayıb ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bu işlər daha geniş formada və daha yüksək keyfiyyətlə görüləcək: "Mehriban xanımın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi yerində və zamanında atılmış bir addımdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi