YAP-da parlament seçkiləri ilə əlaqədar ümumrespublika müşavirəsi keçirilib - FOTO

YAP-da parlament seçkiləri ilə əlaqədar ümumrespublika müşavirəsi keçirilib - FOTO Əli Əhmədov parlament seçkiləri ilə əlaqədar partiyanın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib
Daxili siyasət
30 May , 2015 14:32
YAP-da parlament seçkiləri ilə əlaqədar ümumrespublika müşavirəsi keçirilib - FOTO

Bakı. 30 may. REPORT.AZ/ Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Bu barədə “Report”a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən baş nazirin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov toplantının bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olduğunu bildirib. Artıq ilin əvvəlindən seçkilərə hazırlıq işlərinin başlanıldığını və bu istiqamətdə partiyanın yerli təşkilatlarına müvafiq tövsiyələrin verildiyini deyən Əli Əhmədov Yeni Azərbaycan Partiyasının bu seçkilərə yüksək əhvali-ruhiyyədə getdiyini vurğulayıb.

YAP sədrinin müavini qeyd etmişdir ki, son parlament seçkilərindən ötən beş il ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə böyük uğurlar qazanıb. Əli Əhmədov bu illər ərzində ölkədə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğunu, əhalinin rifah halının yüksəldiyini, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini deyən Əli Əhmədov seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb. O, bu baxımdan, partiyanın rayon və şəhər təşkilatlarının üzərinə böyük vəzifələrin düşdüyünü bildirib. Əli Əhmədov parlament seçkiləri ilə əlaqədar partiyanın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Müşavirədə YAP İcra katibinin müavinləri – Milli Məclisin deputatı Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib.

Son xəbərlər

Orphus sistemi