Bakı. 11 iyun. REPORT.AZ/ Müsavat Partiyası Binəqədi rayon təşkilatının növbəti Şura iclası keçirilib.
Təşkilatın sədri Rauf Ağa "Report"a açıqlamasında deyib ki, iclasda ötən Şura iclasının qərarları müzakirə edilib.
O bildirib ki, toplantıda Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərarın ləğvinə baxılıb: "Əvvəlcə bu məsələyə təşkilatın Nəzarət-Təftiş Komissiyasında baxılıb, nəticə Şuraya göndərilib. Biz də bu məsələni müzakirəyə çıxardıq. Müzakirələrin yekununda qərara gəldik ki, bu, mübahisələrə yol açdığından, qərar yenidən baxılması üçün yenidən 8-ci mikrorayon özəyinə göndərilsin".
R.Ağa qeyd edib ki, ötən Şura iclasının Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin buraxılması ilə bağlı qərarı ləğv edilib: "8-ci mikrorayon özəyinin buraxılması ilə bağlı Nəzarət-Təftiş Komissiyası Şuraya təqdimat verdikdən sonra özək buraxıla bilər. Belə bir təqdimat olmadığına görə ötən Şura iclasının özəklə bağlı verdiyi qərar ləğv edilib".
Xatırladaq ki, Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin mayın 3-də keçirilən toplantısında Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərar qəbul edilib. Mayın 19-da isə Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. İclasda təşkilatın 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi ilə bağlı qərarına baxılıb və qərar ləğv olunub. Bundan əlavə, iclasda 8-ci mikrorayon özəyinin buraxılması ilə bağlı da qərar verilib. Müsavat Partiyasının rəhbərliyi isə bu addımın Nizamnaməyə zidd olduğunu bildirib.