​Gülağa Aslanlı: "Müsavatda bir sıra adamlar var ki, tənqidlə təhqir arasındakı fərqi görmək istəmirlər"

​Gülağa Aslanlı: "Müsavatda bir sıra adamlar var ki, tənqidlə təhqir arasındakı fərqi görmək istəmirlər" "Kimsə özünü partiyaya qarşı qoyacaqsa, Nizamnaməyə uyğun cəzalandırılacaq"
Daxili siyasət
26 Yanvar , 2015 11:32
​Gülağa Aslanlı: Müsavatda bir sıra adamlar var ki, tənqidlə təhqir arasındakı fərqi görmək istəmirlər

Bakı. 26 yanvar. REPORT.AZ/ "Müsavat Partiyasında Qubad İbadoğlunu dəstəkləyən bir neçə adam hələ də var. Onların arasında özünü korrekt aparan, kimisə təhqir etməyənlər də var. Niyə bəs, onlar partiyadan çıxarılmır?! İndiyədək partiyadan cəmi dörd nəfər çıxarılıb. Qubad İbadoğlunu dəstəkləyənlərin dörd nəfərdən ibarət olmasını qəbul edirlərsə, bu, onların öz işidir".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

Onun sözlərinə görə, sonuncu dəfə Ənvər Əhməd partiya Nizamnaməsini pozduğuna görə partiyadan uzaqlaşdırılıb: "Sumqayıt Şəhər Təşkilatında Nizamnaməni yaxşı bilən insanlar kifayət qədərdir. Müsavat Partiyasında bir sıra adamlar var ki, tənqidlə təhqir arasındakı fərqi bilə-bilə görmək istəmirlər, bunu şüar kimi səsləndirməyi özlərinə yol seçiblər. Hesab edirəm ki, bu qərar əsaslandırılmış qərar olmalıdır. Ənvər Əhmədin səlahiyyəti var ki, MNTK-ya şikayət etsin".

Sumqayıt Şəhər Təşkilatının sədri Fəxrəddin Abbas "Report"a açıqlamasında bildirib ki, Ə.Əhməd qurultayın nəticələrini qeyri-legitim saydığına görə partiyadan kənarlaşdırılıb. Təşkilat sədrinin sözlərinə görə, Ə.Əhməd Müsavat Partiyasının qurultayından əvvəl və sonra birmənalı olaraq qurultayın nəticələrini hakimiyyətin qələbəsi sayıb: "Qurultayda formalaşan Məclisin, MNTK-nın qeyri-legitim olduğunu iddia edirdi. Əgər hər hansı partiya üzvü strukturları tanımırsa, təbii ki, onun addımı Nizamnaməyə ziddir. O, ötən ilin noyabrın 14-də İdarə Heyətinə dəvət olunmuşdu. Lakin burada da öz fikrində qaldığını bildirdi. Hələ o vaxt töhmət almışdı. Sonra yenə də partiyaya ittihamlarını dayandırmadı, bizi hakimiyyətə işləməkdə ittiham etdi. Bütün bunlara görə, biz onu yanvarın 24-də partiyadan xaric etdik. Kimsə özünü partiyaya qarşı qoyacaqsa, Nizamnaməyə uyğun cəzalandırılacaq. Bunun ifadə azadlığı ilə əlaqələndirilməsinə ehtiyac yoxdur".

Qeyd edək ki, Ə.Əhməd hazırda Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvüdür.

Son xəbərlər

Orphus sistemi