Yuxarı

Sumqayıtda Bayraq Muzeyinin açılışı olub

Sumqayıtda Bayraq Muzeyinin açılışı olub
Prezident İlham Əliyev açılışda iştirak edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Muzeylə tanış olan dövlət başçısına məlumat verilib ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. İnşaat işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Sərgi zallarında 6 bölmə fəaliyyət göstərəcək. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.

Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buranın eksponatları ilə tanış olması üçün imkan yaradır.

Qeyd edək ki, bu cür muzeylərin yaradılması gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, onların Vətənə, dövlətə məhəbbət ruhunda yetişməsi və bir şəxsiyyət kimi formalaşması məsələsində mühüm rol oynayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi