Yuxarı

Sumqayıtda 20 Yanvar faciəsi qurbanları yad edilib

​Sumqayıtda 20 Yanvar faciəsi qurbanları yad edilib

Sumqayıt. 21 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə hadisə qurbanları yad edilib.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, bu münasibətlə Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri səhər saatlarında Sumqayıtdakı Şəhidlər Memorial Kompleksini ziyarət ediblər.

Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında olublar, şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər.

Saat 12:00-da şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları verilib. Sumqayıt Cümə məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub. 1990-cı ilin Yanvar hadisələri zamanı, Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimov, İsmayıl Mirsaqulov və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi