Bakı. 7 iyun.
“Report”un xəbərinə görə, seminar siyasi partiyaların maliyyələşdirilməsində şəffaflığın artırılması üçün mühüm əhəmiyyət kəsb edən maliyyə hesabatları ilə bağlı fəaliyyətin daha da təkmilləşdirilməsinə və bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələrin səmərəliliyinin artırılmasına hədəflənib.
Tədbirdə MSK sədri Məzahir Pənahov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, siyasi partiyaların nümayəndələri iştirak edib.
MSK sədri Məzahir Pənahov tədbirin önəmini vurğulayıb. O deyib ki, şəffaflığın təmin edilməsi üçün siyasi partiyalar maliyyə hesabatlarını təqdim etməlidirlər.
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki, bu layihə 2017-ci ilə qədər davam edəcək: “Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yanvarda keçirdiyimiz görüşdə dedi ki, bəzi partiyalar maliyyə hesabatlarını təqdim etmirlər. Düşünürəm ki, bundan sonra siyasi partiyalar maliyyə hesabatlarını təqdim edəcəklər. Azərbaycanda partiyaların maliyyə hesabatlarını təqdim etməsi ilə bağlı qanun qəbul edilib. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasına əlavə işçilər cəlb olunub. Biz də bu işdə öz töhfəmizi verəcəyik”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, hər bir ölkədə siyasi partiyalar önəmli strukturdur: “Siyasi partiyalar demokratik cəmiyyətlərin təşkilatlanmasında mühüm rol oynayır. Partiyalar bəzi ölkələrdə problemlərdə üzləşirlər. Burada maliyyə əsas yeri tutur. Bəzi dövlətlər bunu müəyyən qədər tənzimləyir. Bəzi yerlərdə bu, ürəkaçan deyil. Eyni zamanda, ümumi siyasi dəyərlərin formalaşaması baxımdan da partiyaların rolu böyükdür. Biz bu sahədə Azərbaycanla əməkdaşlıq edə bilirik”.