Səfir: "İsveçrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq"

Səfir: "İsveçrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq" Əli Həsənov İsveçrənin Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb
Daxili siyasət
17 Noyabr , 2015 18:11
Səfir: İsveçrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq

Bakı. 17 noyabr. REPORT.AZ/ Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüşüb. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tanışlıq məqsədilə keçirilən görüşdə səfiri təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla İsveçrə arasında, dövlətlərinn və xalqların mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə edib. Azərbaycan və İsveçrənin mövcud qarşılıqlı münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edən baş nazirin müavini qarşıdakı illərdə əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib, siyasi, mədəni, humanitar, iqtisadi sahədə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu sahələrində də yaxşı nəticələrin əldə olunmasını ölkələr arasında mövcud olan hərtərəfli əməkdaşlığın göstəricisi kimi dəyərləndirib.

Görüşdə baş nazirin müavini səfirə Azərbaycan həqiqətləri, ölkədə gedən inkişaf prosesləri, Azərbaycanın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, havadarlarının köməyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan Azərbaycanın milli-mədəni sərvətlərini talan edib, bütün infrastruktur dağıdılıb: "Ermənistan BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur. ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində danışıqları heç bir nəticə verməyib. Münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda təmsil olunan aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar. Çünki bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir. Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla, ədalətsizliklərlə üzləşir. Bu qəbuledilməzdir. Bizə deyirlər ki, xalqlar arasında etimad yaradılmalıdır. Biz ermənilərlə 200 il bir yerdə yaşamışıq. Əgər etimad olmasaydı, 200 il bir yerdə necə yaşaya bilərdik?.."

Baş nazirin müavini diqqətə çatdırıb ki, 30 il bundan qabaq dünyada qaçqın və məcburi köçkünlərin sayı 35 milyon idi, bu gün isə onların sayı 60 milyonu keçib və 70 ölkəni əhatə edir: "Münaqişələrin heç biri həllini tapmır. Çünki böyük dövlətlər bu problemləri həll etmək istəmirlər, səbəbini də demirlər".

Bu gün dünyada münaqişələrin heç birinin həll edilməməsinə toxunan baş nazirin müavini deyib: "Son 20-30 ildə dünyada hansı problem həll olunub? İraqda, Əfqanıstanda, Liviyada, Misirdə guya özlərinin dedikləri kimi diktatura rejimini dəyişdilər. Bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hər gün yüzlərlə insan ölür. Bizə isə demokratiya, insan hüquqlarının qorunması dərsi keçmək istəyirlər. Azərbaycanın 1 milyon 200 min insanı 22 ildir ki, qaçqın, köçkün vəziyyətindədir. Onların günahı nədir?

Görüşdə baş nazirin müavini Əli Həsənov diqqətə çatdırıb ki, bu günlərdə qardaş Türkiyə Cümhuriyyəti tərəfindən Türkiyənin Antaliya şəhərində keçirilən “Böyük İyirmiliyin” (G-20) Sammitinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın dəvət edilməsindən, Prezident İlham Əliyevin çıxış edərək Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasından qürur duyuruq: "Bu ölkənin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən daha bir amildir. Bu, həm də dünya miqyasında Azərbaycana verilən önəmin daha bir nümunəsidir".

Baş nazirin müavini bildirib: "Böyük İyirmiliyin” Antalya Sammitində dövlətlər qərara gəldilər ki, terrora qarşı birgə mübarizə aparmalıdırlar. İndiyə qədər bəs bunları bilmirdilər? Bu münaqişələri kimlər yaradır? Öz-özünə münaqişə yaranmır. Bu münqişələri böyük dövlətlər yaradır. Dünyanın böyük olkələri həm iqtisadi maraqlarını, həm siyasi maraqlarını, coğrafi mövqelərini, regionlardakı təsir dairələrini genişləndirmək üçün bu münaqişələri yaradırlar. Bu həmişə belə olub, indi də belədir. Bu münqişəni yaradanlar özləri indi onunla qarşılaşırlar".

Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülən işlərdən də danışıb. Baş nazirin müavini bildirib ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşən məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir. İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycanda artıq 12 il fəaliyyət göstərdiyini qeyd edən Əli Həsənov vurğulayıb ki, bu müddətdə müxtəlif sahələri əhatə edən proqramlar həyata keçirilib. Bu proqramlar xüsusilə işğal altındakı ərazilərə yaxın rayonlarda və tam işğal olunmayıb Ağdam və Füzuli rayonlarında reallaşdırılır. Azərbaycan Hökuməti təşkilatın azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıb.

Ətraflı məlumata görə minnətdarlığını bildirən isveçrəli diplomat Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib, Azərbaycanda baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırıb. Filip Ştalder vurğulayıb ki, ölkəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq.

Bakıda aparılan abadlıq işlərinin və şəhərin gözəl görünüşünün onda dərin təəssürat yaratdığını deyən səfir Filip Ştalder nəinki İsveçrə, həmçinin bütün qitə üçün Azərbaycanın əhəmiyyətinin getdikcə artdığını qeyd edib. Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Filip Ştalder Azərbaycandakı diplomatik fəaliyyəti dövründə qarşılıqlı maraqlara xidmət edəcəyini, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi