Yuxarı

Sədr: “ATƏT PA qərəzsiz və neytral mövqedən çıxış edərək seçkiləri müşahidə edəcək”

Sədr: “ATƏT PA qərəzsiz və neytral mövqedən çıxış edərək seçkiləri müşahidə edəcək”
Elmar Məmmədyarov: Seçkilərin keçirilməsi üçün hazırlıq işləri MSK tərəfindən peşəkar şəkildə aparılır

Bakı. 12 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib və konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin inkişafı etdirilməsinin vacibliyi vurğulanıb.

Georgi Tsereteli martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçirilməsinin əməkdaşlığın möhkəmlənməsinə əsaslı töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasının işində fəal iştirakı və əməkdaşlığı inkişaf etdirmək üçün təşəbbüslərlə çıxış etməsi təqdir edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov vurğulayıb ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu deyib.

Görüşdə eyni zamanda Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunulub. Nazir Elmar Məmmədyarov seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəkildə keçiriləcəyini və Azərbaycan xalqının iradəsini əks etdirəcəyini vurğulayıb. O, seçkilərin keçirilməsi üçün hazırlıq işlərinin peşəkar şəkildə Mərkəzi Seçki Komissiyası tərəfindən aparıldığını diqqətə çatdırıb.

Georgi Tsereteli ATƏT-in Parlament Assambleyasının qərəzsiz və neytral mövqedən çıxış edərək seçkiləri müşahidə edəcəyini qeyd edib.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi