Yuxarı

Rəşad İbrahimov: “Yüksəliş” müsabiqəsinin iştirakçısı olanda həyatınız yaxşı mənada dəyişir" - MÜSAHİBƏ

Rəşad İbrahimov: “Yüksəliş” müsabiqəsinin iştirakçısı olanda həyatınız

2019-cu ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamına əsasən, perspektivi olan, yüksək əqli və idarəçilik keyfiyyətlərinə malik şəxsləri üzə çıxarıb dəstəkləmək, ölkədə kadr ehtiyatları bankı yaratmaq məqsədilə “Yüksəliş” müsabiqəsi başlayıb.

Bu kimi müsabiqələrin nə üçün zəruri olduğu, orada iştirak etməyin məqsədəuyğunluğu və iştirak edənlərin həyatında hansı dəyişikliklərin baş verməsi barədə “Report”a verdiyi müsahibə zamanı Rusiyanın “Layihə rəhbəri 2019” müsabiqəsinin finalçısı və Rusiya Peşəkar Rəhbərlər Klubunun rezidenti, layihə rəhbəri kimi İCB4 sertifikatı sahibi, Azərbaycan Layihə İdarəçiliyi Assosiasiyasının İCB4 beynəlxalq standart təlimçisi, “Cargo.az” LLC-nin baş direktoru Rəşad İbrahimov söhbət açıb.

- Keçən il Rusiyanın “Layihə rəhbəri” adlı açıq müsabiqənin finalına çıxmısınız. Bu müsabiqə barədə danışardınız.

- Rusiyada bu qəbildən bir sıra müsabiqələr dövlət səviyyəsində keçirilir. Bunlar “Rusiya liderləri”, “Layihə Olimpi”, “Layihə rəhbəri” və s. tədbirlərdir. 2019-cu ildə “Layihə rəhbəri” müsabiqəsinin başlanması barədə xəbər tutub əcnəbilər üçün də açıq olduğu üçün dərhal iştirak etmək qərarına gəldim. Bu müsabiqə ən güclü layihə rəhbərlərini üzə çıxararaq dəstəkləmək və təşviq etmək, Rusiyada yüksək peşəkar layihə rəhbərləri reyestrini tərtib etmək, müxtəlif çətinlik dərəcəsi olan layihələrin, layihə fəaliyyəti menecmenti sistemlərinin və s. səmərəli idarəçilik təcrübəsini yaymaq məqsədi daşıyır. Beləliklə, peşəkar hesabatlar hazırlamaq, qiyabi tapşırıq və sınaqlar kimi mərhələləri keçib finala yüksəldim. Final mərhələsində əyani yarışa 300-dən artıq iştirakçı arasından 20 nəfər çıxmışdı. Qeyd edim ki, çox güclü rəqiblərim vardı, müsabiqənin ən təcrübəli iştirakçıları arasında “Rosatom”, “Gazprom Bank” kimi böyük şirkətlərin də nümayəndələri vardı. Nəticədə finalçılar arasında yeganə əcnəbi vətəndaş mən oldum və bununla da çox fəxr edirəm. Final iştirakçıları üç gün ərzində “Layihə rəhbəri”, “Layihə ofisinin rəhbəri”, “Layihə idarəçiliyi eksperti” dərəcələrində qızğın mübarizə apardılar. Mən bu üç dərəcənin ən çətini olan “Layihə ofisinin rəhbəri” dərəcəsində iştirak edirdim. Müsabiqənin finalı üçün “Riazan vilayətinin demoqrafiyası” məsələsi təqdim edilmişdi. Təşkilatçılar ölkənin ən mahir mütəxəssislərinin gücünü, istedadını virtual təlim məsələlərinə yox, gerçək kəskin problemin həllinə yönəltmək qərarına gəldiklərini bildirmişdilər. Müsabiqədə qalib gələn layihə hazırda Rusiya hökumətinin çalışmasındadır.

- Müsabiqədən sonra həyatınızda hansı dəyişikliklər baş verib?

- Birincisi, Vətənimin adını ucaldıb finala çıxaraq Rusiyada layihə idarəçiliyi sahəsində peşəkar mütəxəssislər reyesterinə adı düşən yeganə Azərbaycan vətəndaşı olduğumdan fəxr edirəm. Müsabiqə başa çatandan sonra təşkilatçılar hər iştirakçı barədə bacarıq və vərdişlərini qiymətləndirməklə tövsiyələrindən ibarət ətraflı xülasə verdilər. Belə xülasə zəif cəhətlərimi üzə çıxarıb onlar üzərində çalışmağa mənə çox kömək etdi. Müsabiqədən sonra Rusiyada keçirilən müxtəlif konfrans və təlimlərə mütəxəssis qismində dəvətlər almağa başladım. Həmçinin ABŞ-da keçirilən "2019 PMO Global Awards" müsabiqəsinin də münsiflər heyətinə dəvət olundum. Beləlklə, özüm üçün layihə idarəçiliyindəki təlimlər kimi yeni fəaliyyət sahəsi kəşf etdim. 2019-cu ildə 300-dən artıq dinləyiciyə bilik və bacarıqlarımı aşılamaq fürsəti qazandım, Azərbaycanda və Rusiyada müxtəlif şirkətlərin əməkdaşları üçün 20-dən artıq təlim keçirdim. Ən başlıcası isə öz işlərinin əsl peşəkarı olan bir çox həmkarımla görüşdüm, dostlar qazandım. Həmin müsabiqənin finalçıları ilə indiyədək xəbərləşirik. Onlardan bəzilərinin vəzifəsi artırılıb, bəziləri daha nüfuzlu şirkətlərdə, dövlət qurumlarında işlə təmin olunub.

- 2019-cu ildən ölkəmizdə “Yüksəliş” adlı layihənin icrasına başlandı. Bu təşəbbüsü necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan yeni islahatların astanasındadır. Respublika Prezidentinin həyata keçirdiyi islahatların və kadr siyasətinin başlıca hədəfi ölkənin sürətli inkişafı, xalqın rifahı ilə bağlı vəzifələrin həll olunmasıdır. İrimiqyaslı milli və beynəlmiləl layihələri icra etmək üçün yüksək səviyyəli peşəkarlar, düzgün məqsəd qoymaq, ehtiyatlar planını qurmaq, insanları əlaqələndirmək, işi vaxtında və dəqiqliklə hesablanan sərmayə çərçivəsində görmək bacarığına malik gənc mütəxəssislər gərəkdir. Bu baxımdan “Yüksəliş” müsabiqəsi vaxtında düşünülüb ki, bu da çox sevindiricidir. Çünki müsabiqə nəticəsində qabaqcıl təfəkkür tərzinə malik, yeni fikirli, müasir yanaşması olan yüksək ixtisaslı gənc mütəxəssislər bankı yaradılacaq. Həmin gənclər də ölkə rəhbərliyi tərəfindən həyata keçirilən yeni islahatları, qarşıya qoyulan geniş miqyaslı layihələri və vəzifələri həyata keçirəcəklər.

- Sizcə, bu kimi müsabiqələr ümidləri doğruldurmu?

- Bəli, şübhəsiz. Məncə, Rusiyada builki “Rusiya liderləri” müsabiqəsində iştirak etmək üçün 10-dan artıq ölkə vətəndaşı, o cümlədən Azərbaycandan 40-dək iddiaçı qeydiyyatdan keçmişdi. Yəni insanlar bu cür təşəbbüslərə etimad bəsləyir, orada iştirak etmək istəyir.

- Bəs özünüz “Yüksəliş” müsbiqəsində iştirak etmək fikrindəsinizmi? İştirakçılara tövsiyəniz nədir?

Bu gün Azərbaycanda istedadlı, təşəbbüskar gənc rəhbərlər az deyil, amma o qədər də tanınmırlar. Bu müsabiqə vasitəsilə onları bütün ölkə tanıyacaq, işləri irəli gedəcək, dövlətimiz də bir sıra sahələrdə peşəkar yerli mütəxəssis və idarəçilər ehtiyatı qazanacaq. Belə müsabiqələr iştirakçıları üçün yeni imkan, yeni fəaliyyət istiqamətləri açır. Odur ki, fürsətdən istifadə edərək bu müsahibəni oxuyan hər kəsə mütləq gedib qeydiyyatdan keçməyi, özünü sınamağı tövsiyə edirəm. Sizi mütləq eşidəcək, tanıyacaqlar, həyatınızda gözəl dəyişikliklər baş verəcək.

Emiliya Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi