Real Hərəkatı ilə Milli Şura arasında münasibətlər gərginləşib

Real Hərəkatı ilə Milli Şura arasında münasibətlər gərginləşib Natiq Cəfərli: "Milli Şura ictimaiyyətə açıqlasın ki, onların istədikləri, problemləri nədir?"
Daxili siyasət
30 Mart , 2017 12:56
Real Hərəkatı ilə Milli Şura arasında münasibətlər gərginləşib

Bakı. 30 mart. REPORT.AZ/ "Milli Şura yaradılarkən danışıqlar apardıq, 7 dəfə görüş keçirmişdik. Sadəcə, mövqelərimiz üst-üstə düşmədi deyə, Milli Şuraya qoşulmadıq. Sonralar da Milli Şura rəhbərliyi ilə görüşlər keçirmişik, müzakirələr aparmışıq, Cəmil Həsənli ilə də münasibətlərimiz yaxşıdır. Amma Milli Şurada Real Hərəkatına qarşı aqressiya varsa, jurnalistlər bunu araşdırsınlar".

Bunu "Report"a açıqlamasında Real Hərəkatının icraçı katibi Natiq Cəfərli deyib.

O bildirib ki, Milli Şuranın Real Hərəkatına qarşı aqressiyasının səbəbi bəlli deyil: "Milli Şura ictimaiyyətə açıqlasın ki, onların istədikləri, problemləri nədir? Bizim "Milli Şura" adlı problemimiz yoxdur".

N.Cəfərli Real Hərəkatının Milli Şuraya qoşulmamasının səbəblərini də açıqlayıb: "Birliyin fəlsəfəsi elədir ki, nəyəsə qarşı olmalı deyil, nəyinsə lehinə olmalıdır. Bu, daha effektiv olur. Birlik şəxslər üzərində qurula bilməz. Yəni, deyilə bilməz ki, filan şəxs iştirak etməli, digərləri iştirak etməli deyil. Uğurlu birlik modelləri dəyərlər, prinsiplər və məqsədlər üzərində qurulur. Milli Şura ilə danışıqlar apararkən dəfələrlə dedik ki, bu məsələni şəxslərə qədər endirməyin. Həmin qurumda ayrı-ayrı şəxslərin təmsil olunmasının vacibliyindən danışılırdı. Sonralar həmin insanlar Milli Şuranı tərk edənlərdən oldular. Milli Şura yaradılarkən dəyərlər, prinsiplər və məqsədlər üzərində qurulsaydı, daha yaxşı olardı və Real Hərəkatı da həmin quruma qoşulardı. Yəni, biz sistemin əleyhinəyik, amma nəyin lehinəyik, nə istəyirik? Milli Şura kimi birliklərin uğurlu olmadığını Azərbaycan tarixi dəfələrlə sübut edib".

O bildirib ki, Milli Şuranın apreldə keçirəcəyi mitinqə Real Hərəkatı təşkilat olaraq qoşulmayacaq: "Real Hərəkatının üzvləri aksiyalarda iştirak etmək üçün sərbəstdilər. Yəni, mitinqə qatılıb-qatılmamaqla bağlı ayrıca müraciətimiz olmayacaq. Mitinqdə üzvlərdən kim istəyirsə, iştirak edə bilər, amma təşkilat kimi mitinqə qoşulmayacağıq".

Qeyd edək ki, Milli Şuranın bəzi üzvləri sosial şəbəkədə Real Hərəkatını tənqid ediblər. Şura aprelin 9-na mitinq təyin edib.

Son xəbərlər

Orphus sistemi