Ramil Usubov: "Gənc əməkdaşların vəzifədə irəli çəkilmələri ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir"

Ramil Usubov: "Gənc əməkdaşların vəzifədə irəli çəkilmələri ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir" Nazir DİN-də işə götürülən gənclərlə görüşüb
Daxili siyasət
19 Fevral , 2016 16:05
Ramil Usubov: Gənc əməkdaşların vəzifədə irəli çəkilmələri ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir

Bakı. 19 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyində (DİN) sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların respublikanın ərazi polis orqan və hissələrində vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunan tədbir keçirilib. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ənənəvi olaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə ölkənin parlaq gələcəyinin işgüzar, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu vurğulayıblar. Gənc əməkdaşların hazırlıq səviyyəsinin artırılması, onlara lazımi diqqət və qayğı göstərilməsi, vəzifədə irəli çəkilmələri ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.

Ramil Usubov Baş Kadrlar İdarəsinin rəhbərliyinə təyinatın tədbir iştirakçılarının istək və arzuları, hazırda yaşadıqları yerlər nəzərə alınmaqla həyata keçirilməsinə dair tapşırıq verdiyini, həmin tapşırığa uyğun olaraq sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların zabit vəzifələrinə təyin olunmaları barədə müvafiq əmr imzaladığını diqqətə çatdırıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov nazirliyə 35 əməkdaşın dəvət edildiyini bildirib, onların və təyin edildikləri vəzifələrin siyahısını elan edib.

Nazirliyə dəvət olunanlardan 10 nəfəri əməliyyat müvəkkili, 20-si sahə inspektoru, 5 nəfəri isə kadr, post-patrul xidmətlərinə, həmçinin, məsul növbətçi, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifələrinə təyinat alıblar.

Xaçmaz Rayon Polis Şöbəsində taqım komandiri vəzifəsinə təyin olunan Səbuhi Zeynalov gənc zabitlərin adından çıxış edərək xüsusi diqqət və qayğıya görə nazirliyin rəhbərliyinə təşəkkürünü bildirib, yüksək etimadı gələcək fəaliyyətləri ilə doğrultmağa çalışacaqlarını qeyd edib.

Tədbirin sonunda daxili işlər naziri gənc əməkdaşlara tapşırıq və tövsiyələrini verib.

Nazir gəncləri bir daha təbrik edərək zabit olmağın şərəfli bir iş olduğunu, ümumilikdə, onların vətəndaşlara münasibətindən daxili işlər orqanları barədə müsbət və ya mənfi ictimai rəyin yarana biləcəyini, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, ədalətli və obyektiv olmalarını, cinayətkarlıqla mübarizədə hər zaman cəzanın labüdlüyü prinsipindən, dövlətin və qanunun mənafeyindən çıxış etmələrini tövsiyə edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

Son xəbərlər

Orphus sistemi