Ramil Usubov: "Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir"

Ramil Usubov: "Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir" Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı son 12 ildə orta hesabla 233 fakt təşkil edir
Daxili siyasət
10 İyul , 2015 18:21
Ramil Usubov: Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir

Bakı. 10 iyul. REPORT.AZ/ İyulun 10-da Daxili İşlər Nazirliyində 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. "Report"un məlumatına görə, iclası açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin birinci yarısında ölkənin ictimai-siyasi həyatı əlamətdar hadisələrlə zəngin olduğunu bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada davam edən quruculuq işlərinin başlıca təminatlarından olan sabitlik etibarlı qorunaraq daha da möhkəmləndirilib. Şəxsi heyətin dövlətə, anda sədaqəti və fədakar xidməti dövlət başçısı tərəfindən növbəti dəfə yüksək qiymətləndirilib: "Azərbaycan Polisinin peşə bayramı ərəfəsində onun imzaladığı növbəti sərəncamlarla 41 əməkdaş dövlət mükafatları ilə təltif edilib, 3 rəhbər vəzifəli şəxs isə ali xüsusi rütbələrə layiq görülüb. Bütün bunlar polis orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ali diqqət və qayğının növbəti əyani təzahürüdür".

Ötən ay ölkədə ilk Avropa Oyunlarının keçirildiyini xatırladan nazir cənab Prezidentin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində respublikanın, onun bütün dövlət strukturlarının və vətəndaş cəmiyyətinin üzərinə düşən tarixi məsuliyyətin öhdəsindən yüksək səviyyədə gəldiyini deyib. Digər hüquq-mühafizə qurumları, güc strukturları ilə birlikdə daxili işlər orqanlarının Oyunlar zamanı asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üzrə mühüm vəzifələri də layiqincə yerinə yetirdiyini vurğulayan daxili işlər naziri fərqlənən yüzlərlə əməkdaş və hərbi qulluqçu barəsində müxtəlif həvəsləndirmə tədbirinin tətbiq olunduğunu diqqətə çatdırıb, nümunəvi xidmətə, yüksək peşəkarlığa, vətənpərvərliyə və fədakarlığa görə bütün şəxsi heyətə minnətdarlığını bildirib.

Hesabat dövründə cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllərin davam etdiyi, kriminogen durumun nəzarətdə saxlanıldığı da qeyd olunub.

İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Cinayətkarlığa qarşı mübarizə və ictimai qaydanın qorunmasında şəxsi heyətin fəaliyyətini ümumilikdə qənaətbəxş hesab edən nazir, bununla yanaşı, Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan bir neçə məsələyə yönəldib.

İclasda ailə münaqişəsi zəminində və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması üçün profilaktika işlərinin həyata keçirilməsinin, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi ilə bağlı əhali arasında təbliğat işinin lazımi səviyyədə təşkilinin, vətəndaşların müraciətlərinə və qəbuluna ciddi yanaşılmasının, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görülməsinin, səsvermə hüququna malik bütün vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmasının, bu işin gündəlik nəzarətdə saxlanılmasının, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində davamlı tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Daxili işlər orqanlarının, o cümlədən Daxili Qoşunların dövlət başçısının əvəzsiz dəstəyi sayəsində inkişaf dövrü yaşadığını, daim təkmilləşdiyini, xidmət şəraitinin yaxşılaşdırılması, sosial müdafiə məsələlərinin həlli istiqamətində böyük işlər görüldüyünü, şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldiyini, onların fədakar əməyinin cənab İlham Əliyev tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini bir daha Kollegiya iştirakçılarının diqqətinə çatdıran nazir Ramil Usubov şəxsi heyətdən ölkə Prezidentinin xüsusi diqqət və qayğısına cavab olaraq qanunla müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsinə daha böyük məsuliyyətlə yanaşılmasını tələb edib.

O bildirib ki, artıq uzun illərdir Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir: "Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı son 12 ildə orta hesabla 233 fakt təşkil edir. Bu göstərici, eləcə də cinayətlərin konkret növlərinin, o cümlədən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların və s. sayı Avropa və MDB ölkələri ilə müqayisədə dəfələrlə azdır".

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələri, hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəkdir.

Son xəbərlər

Orphus sistemi