​Qubad İbadoğlu: "ADR-in seçkisi ilə bağlı mənfi fikir səsləndirənlər qərəzlidirlər"

​Qubad İbadoğlu: "ADR-in seçkisi ilə bağlı mənfi fikir səsləndirənlər qərəzlidirlər" "Təsis konfransında seçki tam şəffaf keçirilib"
Daxili siyasət
23 Fevral , 2015 11:01

Bakı. 23 fevral. REPORT.AZ/ "Azərbaycan Demokratiya və Rifah Hərəkatının seçkisi ilə bağlı mənfi fikir səsləndirənlər qərəzlidirlər. Bəllidir ki, bu xətti yeridənlər hansısa məqsəd güdürlər".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib. O qeyd edib ki, ADR-in təsis konfransında seçki tam şəffaf keçirilib: "Burada Azərbaycanın mövcud qanunvericiliyi əsas götürülüb. Seçki "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna müvafiq şəkildə təşkil olunmuşdu. ADR-in seçkisi ilə bağlı mənfi fikir səsləndirənlərin məqsədləri bəllidir".

Q.İbadoğlu ADR sədrliyinə keçirilən seçkinin Müsavat Partiyasının başqanlığına keçirilən seçki ilə müqayisə edilməsini "qüsurlu" adlandırıb: "İctimai birliklərlə bağlı qanunun tələbləri siyasi partiyalar haqqında qanunun tələblərindən fərqlidir. Həm də burada nəzərə almaq lazımdır ki, Müsavat Partiyasının qurultayında alternativ seçki keçirilmişdi. Burada isə alternativlər namizədliklərini geri götürdülər. Bu baxımdan müqayisə doğru deyil və əsassızdır".

Qeyd edək ki, Demokratiya və Rifah Hərəkatının sədrliyinə keçirilən seçki açıq və alternativsiz keçirildiyindən, Müsavat Partiyasının bəzi üzvləri seçkini "anti-demokratik" adlandırıb.

Xatırladaq ki, fevralın 21-də hərəkatın təsis konfransı keçirilib. Hərəkatın sədrliyinə 5 nəfərin - Ellada Məmmədlinin, Səxavət Əlisoyun, Əhliman Abbasın, Ədalət Yusubovun, Vurğun Əyyub və Qubad İbadoğlunun namizədliyi irəli sürülüb. Lakin digər namizədlər Q.İbadoğlunun xeyrinə namizədliklərini geri götürüblər. Beləliklə, Müsavat Partiyasından xaric edilən başqanlığa sabiq namizəd Qubad İbadoğlu hərəkatın sədri seçilib.

Son xəbərlər

Orphus sistemi