Yuxarı

Qaxda terrorçuluqla mübarizədə ictimaiyyətin rolu müzakirə olunub - FOTO

Qaxda terrorçuluqla mübarizədə ictimaiyyətin rolu müzakirə olunub

Qax rayonunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, “Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr” və “Terrorçuluqla mübarizədə ictimaiyyətin rolu” mövzularında təşkil olunan regional elmi-praktiki konfransda rayon rəhbərliyi, qeyri-hökumət təşkilatları, elm, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub.

DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzinin rəisi Rəşad Camalov tədbiri açaraq konfransın məqsədi və Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, terrorçuluq dövlətlər üçün əsas təhlükələrdən biridir. Konfransın əsas məqsədi terrorçuluğa qarşı mübarizə, eləcə də təhlükəsizlik fəaliyyətinin digər sahələri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi və bu mübarizədə onun rolunun artırılmasından ibarətdir. 

DTX əməkdaşı Tural Məmmədov “Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr” mövzusunda məruzəsində müasir dövrdə təhlükəsizliyi ciddi təhdid edən terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırılıb ki, təhlükəsizlik sahəsində əsas istiqamətlərdən biri kimi əks-kəşfiyyat fəaliyyəti ölkənin sosial-iqtisadi, elmi-texniki, hərbi və digər mühüm strateji əhəmiyyətli potensialının düşmənin kəşfiyyat-pozuculuq fəaliyyətinə, terror-təxribat əməllərinə qarşı yönəldilib. 

DTX əməkdaşı Azər Əfəndiyev “Terrorçuluqla mübarizədə ictimaiyyətin rolu” mövzusunda çıxış edərək terrorçuluq, həmçinin onun nəticələri müasir dünyanın toqquşduğu əsas və daha təhlükəli problemlərdən danışıb. Qeyd olunub ki, müasir dövrdə terrorizm bir çox dövlətin təhlükəsizliyi üçün artıq ciddi təhdid təşkil edir. Onun qurbanı dövlətlər və insanlar ola bilər. Terrorizm müasir dövrdə ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha müxtəlif formalarda həyata keçirilən, daha hədələyici miqyas alan ciddi təhdidlərdən biridir. 

Çıxışlardan sonra Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətini əks etdirən film nümayiş olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi