Azərbaycanda qanunsuz miqrantların saxlanılması mərkəzlərində daxili intizam qaydaları təsdiqlənib

Azərbaycanda qanunsuz miqrantların saxlanılması mərkəzlərində daxili intizam qaydaları təsdiqlənib Dəyişikliklərdə Mərkəzdə rejimin rəis və işçilər tərəfindən təmin olunduğu təsdiqlənib
Daxili siyasət
3 Sentyabr , 2016 02:23
Azərbaycanda qanunsuz miqrantların saxlanılması mərkəzlərində daxili intizam qaydaları təsdiqlənib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nı təsdiqləyib.

"Report"un məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanununun tətbiqi barədə” Azərbaycan prezidentinin 2013-cü il 8 iyul tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 29 dekabr tarixli fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları” təsdiq edilib.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 85.2-ci maddəsinə əsasən qanunsuz miqrantların saxlanılması Mərkəzlərində yerləşdirilmiş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquqlarının və qanuni mənafelərinin qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və saxlanılması şəraitinə yönəldilmiş qaydaları təmin edən rejimi müəyyən edir.

Dəyişikliklərdə Mərkəzdə rejimin Mərkəzin rəisi və işçiləri tərəfindən təmin edildiyi təsdiqlənib. Onlar qulluq vəzifələrini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.

Qaydalar Mərkəzin işçiləri, orada saxlanılan əcnəbilər və bu Mərkəzlərə baş çəkən şəxslər üçün məcburidir.

Qərara əsasən Mərkəzdə yerləşdirilmiş əcnəbilərin Məcəllə ilə müəyyən edilmiş hüquqları daxili intizam qaydaları ilə məhdudlaşdırıla bilməz. Əcnəbilər Mərkəzlərdə dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək hüququna malikdirlər. Mərkəzin rəhbərliyi tərəfindən əcnəbilərə dini ayinlərin yerinə yetirilməsi üçün lazımi şərait yaradılır. Qərara əsasən əcnəbilər hər gün 3 saatdan az olmayaraq, gündəlik gəzintiyə çıxarılmaq hüququnu əldə edirlər.

Mərkəzdə yerləşdirilmiş əcnəbilər Məcəllə ilə onların üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyə və davranış qaydalarına riayət etməyə borcludurlar.

Mərkəzdə əcnəbilərin yerləşdirilməsi həddi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən müəyyən edilir.

Mərkəzin fəaliyyətinin kompleks yoxlanılması ən azı iki ildə bir dəfə həyata keçirilir. Yoxlamaya Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin əmri ilə təyin edilmiş işçilər cəlb olunurlar. 

Qanunsuz miqrantların saxlanılması Mərkəzlərindəki xarici vətəndaşların işgəncəyə, yaxud qəddar, insan ləyaqətini alçaldan rəftara, cəzaya məruz qalması  yolverilməzdir. 

Qərarda Mərkəzin quruluşuna dair ümumi tələblər, əcnəbilərin Mərkəzdə saxlanıldıqları binaların yaşayış otaqlarının quruluşu, əcnəbinin Mərkəzə qəbul edilərək yerləşdirilməsi (Əcnəbilər Mərkəzdə saxlanıldıqları binaların yaşayış otaqlarında hər əcnəbi üçün 4 kv.m-dən az olmayaraq yaşayış sahəsi ilə təmin edilirlər. Əcnəbilərin Mərkəzdə saxlanıldıqları binalarda yaşayış otaqlarının pəncərələri zərbəyə davamlı materialdan hazırlanır və orada saxlanılan əcnəbinin normal təbii işıqlanma şəraitində oxuması və təmiz hava ilə təmin edilməsi üçün kifayət qədər böyük olmalıdır),  onun qeydiyyatının və şəxsi axtarışının aparılması, əşyalarının yoxlanılması, tibbi müayinədən keçirilməsi və mərkəzdən azad edilməsi (və ya buraxılması), əcnəbinin Mərkəzdə saxlanılması şəraiti və şərtləri, mühafizəsi və müşayiəti, o cümlədən bir Mərkəzdən digər Mərkəzə köçürülməsi, mərkəzdə saxlanılan əcnəbilərin daktiloskopik qeydiyyatının aparılması və digər qaydalar təsdiqlənib. 

Son xəbərlər

Orphus sistemi