Yuxarı

"Qaçqınkom"un sədri QHT rəhbərləri ilə görüşüb

"Qaçqınkom"un sədri QHT rəhbərləri ilə görüşüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") qeyri-hökumət təşkilatlarının rərbərlərinin bir qrupu ilə görüş keçirilib.

Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat  verilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaş cəmiyyəti qurucuıuğunda və ölkəmizdə demokratiyanının daha da dərinləşməsində qeyri-hökumət təşkilatlarının rolunu yüksək qiymətləndirərək, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində də onların dəstəyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə tənzimlənməsi, torpaqlarımızın işğaldan tezliklə azad edilməsi üçün qətiyyətli və məqsədyönlü siyasət aparmaqla yanaşı, müharibədən zərər çəkən insanların, məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet istiqamət kimi müəyyənləşdirib. Azərbaycan dövləti onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Müvəqqəti məskunlaşma yerlərində ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, yeni mənzillərə köçürülməsi davam etdirilir. Bu il istifadəyə verilmiş “Qobu Park” yaşayış kompleksinə Bakıda qəzalı vəziyyətdə olan binalardan və zirzəmilərdən yüzlərlə məcburi köçkün ailəsi köçürülüb. Bu məqsədlə yeni yaşayış binaları inşa edilir, məcburi köçkünlər üçün qəsəbələr salınır.

Komitə sədri məcburi köçkünlərin hüquqi cəhətdən maarifləndirilməsinə, onların vətənpərvərlik ruhunun yüksəldilməsinə, doğma torpağa bağlılıq hissinin gücləndirilməsinə qeyri-hökumt təşkilatlarının daha böyük töhfələr verə biləcəklərini vurğulayıb, onları bu istiqamətdə birgə fəaliyyət göstərməyə dəvət edib.

Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Sağlam İnkişaf və Maarifləndirmə İctmai Birliyinin sədri Anar Xəlilov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyasının sədri Rey Kərimoğlu, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru Nurəddin Mehdiyev, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, “Aprel 2016” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək, məcburi köçkünlərlərin problemlərinin həlli sahəsində həyata keçirilən tədbirlərə dair fikirlərini ifadə edib, Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı rəy və mülahizələrini bildirib, bir sıra təkliflər irəli sürüblər.

Prezident İlham Əliyevin apardığı siyasətin xalqımızın və dövlətimizin mənafeyinə tam cavab verdiyini, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə dərin inam yaratdığını qeyd edən QHT rəhbərləri vətəndaş cəmiyyəti institutlarının, ictimai təşklatların məcburi köçkünlərin böyük qayıdışa hazırlanmasına bundan sonra da fəal dəstək verəcəklərini bildiriblər.

Dövlət Komitəsində qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlərin və birgə fəaliyyətin davamlı olacağı diqqətə çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi