Yuxarı

Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli və dinamik inkişafı istiqamətində mühüm addımlar atılıb, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına real imkanlar yaradılıb.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, ölkədə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə ali hüquq təhsilli gənclərin müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edib.

2002-ci ildən başlayaraq müsabiqə yolu ilə işə qəbul edilmiş 873 gənc hüquqşünas hazırda prokurorluğun kadr korpusunun 67 faizini təşkil etməklə, təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər.

Avqustun 21-də prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci - yazılı imtahan mərhələsi keçirilib.

Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 127 namizəd (o cümlədən 17 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və digər ali təhsil müəssisələrinin məzunlarıdır.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə məlumatlar Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) yerləşdiriləcək.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-62-23 və 492-06-82 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi