Prezidentin köməkçisi: “Referendumu ölkədəki islahatların davamı kimi qiymətləndirmək lazımdır”

Prezidentin köməkçisi: “Referendumu ölkədəki islahatların davamı kimi qiymətləndirmək lazımdır” “Bu məsələdə dövlət orqanlarının və medianın rolu böyükdür”
Daxili siyasət
31 Avqust , 2016 11:25
Prezidentin köməkçisi: “Referendumu ölkədəki islahatların davamı kimi qiymətləndirmək lazımdır”

Bakı. 31 avqust. REPORT.AZ/ “Bu ilin oktyabr ayında Azərbaycanda ölkə müstəqilliyinin 25-ci ili qeyd olunacaq. Bu müddətdə Azərbaycan xeyli inkişaf edib”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib.

Ə.Həsənov xatırladıb, ki, Azərbaycan Respublikasının Konstitusiyasına iki dəfə dəyişiklik edilib: “Bu, 2002 və 2009-cü illərdə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə üçüncü dəyişikliyin edilməsi üçün Referendum Aktı layihəsi təqdim olundu. Qonşu dövlətlərdə də mövcud reallıqlardan çıxış edərək konstitusiyada dəyişikliklər ediblər. Əslində, cəmiyyətdən gələn sosial sifarişlər bunu zəruri edir”.

Ə.Həsənov xatırladıb ki, 2016-cı il İl islahatlar ili elan edilib.

Prezidentin köməkçisi bildirib ki, Referendum Aktını ölkədəki islahatların davamı kimi qiymətləndirmək lazımdır: “Dəyişikliklər dövlət orqanlarının fəaliyyətlərini daha da təkmilləşdirilməsinə xidmət edir. Demokratik ölkələrdə insanları səsvermə prosesinə hazırlamaq ciddi məsələdir. Bu məsələdə dövlət orqanlarının və medianın rolu böyükdür”.

O bildirib ki, referendumun təşviqat prosesində medianın rolu “KİV haqqında” qanunda və Mərkəzi Seçki Komissiyasının təlimatlarında əksini tapıb: “Təkcə jurnalist vəsiqəsi kifayət edir ki, səsverməni izləsinlər. Medianın da işi ondan ibarətdir ki, tərəflərə bərabər şərait yaratsın. Media tam müstəqil olmalıdır. Biz mediaya tərəfdaş kimi, milli maraqlarımızın müdafiəçisi kimi yanaşırıq. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi media orqanlarında referendumla bağlı həqiqətəuyğun olmayan materiallar yerləşdirilir. Azərbaycanda 5 mindən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Azərbaycanda hər kəs azad sözünü deyə bilər. Yəni, bir bloq açıb orada fikrini bildirə bilər. Dövlət medianın inkişafına böyük dəstək verir. Amma media da qanun çərçivəsində fəaliyyət göstərməlidir".

Son xəbərlər

Orphus sistemi