Prezident İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib - ƏLAVƏ OLUNUB

Prezident İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib - ƏLAVƏ OLUNUB Bakı. 22 oktyabr. REPORT.AZ/ Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.
Daxili siyasət
22 Oktyabr , 2018 12:23
Prezident İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib - ƏLAVƏ OLUNUB

Bakı. 22 oktyabr. REPORT.AZ/ Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə meliorasiya və irriqasiya sahəsində böyük uğurlar əldə olunub. Bu çərçivədə 2003-cü ildən geniş vüsət alan yenidənqurma tədbirləri meliorasiya və irriqasiya sahəsinin müasir səviyyəyə çatmasına imkan yaradıb. Son illərdə həyata keçirilən mühüm layihələrdən biri də Araz çayının yeni qol-kanalının istifadəyə verilməsidir. Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına sanballı töhfələr verəcək, yaradılan və yaradılacaq aqroparkların, iri fermer təsərrüfatlarının və müasir heyvandarlıq komplekslərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq. Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən növbəti uğurlu və tarixi layihədir.

Dövlət başçısı Araz çayının yeni qol-kanalının açılışına həsr olunmuş mərasimdə çıxış edib.

Mərasimdən sonra iqtisadiyyat naziri Şahin MustafayevMeliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat veriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ 2010-cu ildə Kür-Araz çaylarında baş vermiş sel və daşqınların yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə Araz çayının gursulu illərdə çayda baş verə biləcək daşqınlardan yaranacaq fəlakətlərin qarşısını almaq və onun sərfinin bir hissəsinin İmişli və Biləsuvar rayonlarının ərazisindən keçirməklə Mahmudçalaya, oradan isə Qızılağac qoruğunun ərazisi ilə Xəzər dənizinə axıdılması üçün ümumi uzunluğu 130 kilometr olan Araz çayının yeni qol-kanalının tikintisi nəzərdə tutulmuşdu. Texniki İqtisadi Əsaslandırma ilə həmin işlərin 4 mərhələdə həyata keçirilməsi planlaşdırılmışdı. Hazırda onun birinci mərhələ üzrə baş suqəbuledici qurğu daxil olmaqla, 5 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Tikilmiş baş suqəbuledici qurğu və yeni qoldan istifadə etməklə Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinin suvarılması üçün 54,2 kilometr uzunluğunda kanalın hidrotexniki qurğularla birgə inşası həyata keçirilib. Kanalın başlanğıcda suburaxma qabiliyyəti saniyədə 46, sonda isə 24 kubmetr təşkil edir. Kanal üzərində 84 müxtəlif təyinatlı hidrotexniki qurğu, o cümlədən 14 avtomobil körpüsü inşa olunub.

Perspektivdə Biləsuvar və Sabirabad rayonlarının daha 10 min hektar azməhsuldar sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq. Araz çayının yeni qolundan Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün ümumi uzunluğu 175,46 kilometr, müxtəlif suburaxma qabiliyyəti olan paylayıcı kanalların qurğularla birgə tikintisi 2 mərhələdə nəzərdə tutulub və bu il inşaat işlərinə start verilib.

Dövlət başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basıb.

Onu da deyək ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə son illərdə regionlarda mütərəqqi suvarma texnologiyalarının tətbiqi ilə aqroparklar, iri fermer təsərrüfatları və müasir heyvandarlıq kompleksləri yaradılıb. Bu da qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayıb. Bu işlərin davamı olaraq Saatlı, Biləsuvar və İmişli rayonlarında pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının inkişafı məqsədilə aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin yaradılması nəzərdə tutulub. Aqroparkların yaradılması regionlarda iqtisadi potensialın, kənd təsərrüfatında istehsalın artmasına, məhsulların keyfiyyət göstəricilərinin daha da yaxşılaşmasına, özünütəminetmə səviyyəsinin və regionlarda əhalinin məşğulluğunun yüksəlməsinə, ixrac potensialının genişlənməsinə töhfə verəcək. Araz çayının yeni qol-kanalı da regionda kənd təsərrüfatının inkişafına, xüsusilə aqroparkların yaradılmasına geniş imkanlar açır. Torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi sahibkarlar tərəfindən 454 milyon manat investisiya qoyuluşuna və 5000-dək yeni iş yerinin açılmasına şərait yaradacaq. Bu layihələr çərçivəsində yaradılacaq aqroparklarda heyvandarlıq komplekslərinin, emal müəssisələrinin təşkili, buğda, qarğıdalı, soya, pambıq, şəkər çuğundurunun əkilməsi, nar və xurma bağlarının salınması həyata keçiriləcək. Müasir aqrotexniki və intensiv üsulların tətbiq olunacağı təsərrüfatlarda ildə 176 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsalı gözlənilir. Bundan başqa, sahibkarlar tərəfindən tutumu 30 min ton olan logistik mərkəzlərin və tutumu 140 min ton olan taxıl anbarı komplekslərinin də tikintisi nəzərdə tutulur.

Hazırda bu ərazilərdə 4 aqroparkın yaradılmasına başlanıb. Ümumi dəyəri 65,2 milyon manat olan bir investisiya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb və iki aqroparkın ümumi dəyəri 15,9 milyon manat olan layihələrinə investisiya təşviqi sənədi verilib. Hazırda 30 rayon üzrə 45 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə görülən işlərə dövlət tərəfindən 329,7 milyon manat maliyyə dəstəyi göstərilib. Bundan başqa, 15 aqropark üzrə 25 layihəyə investisiya təşviqi sənədi verilib. Görüləcək işlər nəticəsində, ümumilikdə, 10 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. İlin sonunadək daha 13 aqropark fəaliyyətə başlayacaq. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində dəyəri 600 milyon manatdan çox olan məhsul istehsalı gözlənilir.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi