Prezident İlham Əliyev Nadir Seyidovun vəfatı ilə əlaqadar nekroloq imzalayıb

Prezident İlham Əliyev Nadir Seyidovun vəfatı ilə əlaqadar nekroloq imzalayıb “Alim çox sayda mötəbər beynəlxalq simpozium və konfranslarda Azərbaycan elmini layiqincə təmsil edib”
Daxili siyasət
5 Oktyabr , 2015 18:38
Prezident İlham Əliyev Nadir Seyidovun vəfatı ilə əlaqadar nekroloq imzalayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, elm xadimləri AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Nadir Seyidovun vəfatı ilə əlaqadar nekroloq imzalayıb.

“Report”un xəbərinə görə, nekroloqda deyilir: “Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, kimya elmləri doktoru, professor Nadir Mir İbrahim oğlu Seyidov 2015-ci il oktyabrın 5-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Nadir Seyidov 1932-ci il aprel ayının 28-də Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1950–1955-ci illərdə ali təhsilini Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində almışdır. Nadir Seyidov 1957–1960-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1955-ci ildən etibarən Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda başlayan Nadir Seyidov 1961-ci ilədək burada laborant, kiçik elmi işçi, bölmə rəhbəri və şöbə müdiri, 1961–1992-ci illərdə İnstitutun “Elastomerlər” laboratoriyasının müdiri, 1992–1994-cü illərdə “Elastomer” kiçik müəssisəsinin direktoru, 1995–1997-ci illərdə Elmi İstehsalat Olefinlər İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 1997–2008-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda çalışmışdır. O, eyni zamanda 2007–2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsi katibinin müavini və akademik-katibi vəzifələrini tutmuş, 2013-cü ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir.

Nadir Seyidov 1960-cı ildə neft kimyası ixtisası üzrə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1971-ci ildə professor elmi adını almışdır. O, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Nadir Seyidov neft-kimya sintezi və yüksək molekullu birləşmələr sahəsində fundamental araşdırmaları ilə tanınırdı. Onun tədqiqatlarında bu sahənin ən aktual məsələləri öz elmi həllini tapmış və alınan nəticələr yüksək praktik əhəmiyyəti ilə səciyyələnmişdir. Alimin rəhbərliyi altında yeni sintetik kauçukların istehsal texnologiyası və onların sənayedə tətbiqi üçün tövsiyələr işlənib hazırlanmış, eləcə də sintetik yağlar və aşqarlar alınması istiqamətində geniş tədqiqat işləri həyata keçirilmişdir. Neft-kimya prosesində istifadə edilən, yüksək səmərəliliyə malik bir sıra yeni katalizatorların alınması və tətbiqi Nadir Seyidovun adı ilə bağlıdır.

Nadir Seyidov 350-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 16 xarici patentin müəllifi idi. O, elmi nailiyyətlərinə görə 100-dən çox müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. Alimin 130-dan artıq əsəri müxtəlif ölkələrdə nəşr olunmuş və mütəxəssislər tərəfindən yüksək diqqətlə qarşılanmışdır.

Nadir Seyidov səmərəli elmi yaradıcılıqla yanaşı, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Dövlət Universitetində uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq kimya elmləri sahəsində yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermişdir. Onun rəhbərliyi ilə 40-a yaxın elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsi almışdır. Alim çox sayda mötəbər beynəlxalq simpozium və konfranslarda Azərbaycan elmini layiqincə təmsil edib.

Nadir Seyidovun məhsuldar elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, həmçinin ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış alim, gözəl pedaqoq və səmimi insan Nadir Mir İbrahim oğlu Seyidovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!”

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Akif Əlizadə

Mikayıl Cabbarov

İbrahim Quliyev

İsa Həbibbəyli

Tofiq Nağıyev

Dilqəm Tağıyev

Rəfiqə Əliyeva

Abel Məhərrəmov

Vaqif Fərzəliyev

Vaqif Abbasov

Akif Əzizov

Fuad Əliyev

Məhərrəm Məmmədyarov

Kamil Sadıxov

Musa Rüstəmov

Ağadadaş Əliyev

Son xəbərlər

Orphus sistemi