Prezident İlham Əliyev: "Müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir"

Prezident İlham Əliyev: "Müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir" "Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi çalışırıq ki, ölkələr arasındakı həmrəyliyi daha da gücləndirək"
Daxili siyasət
22 İyun , 2015 17:59
Prezident İlham Əliyev: Müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir

Bakı. 22 iyun. REPORT.AZ/ "Müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir". "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 22-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edərkən deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu görüşlər artıq ənənəvi xarakter daşıyır: "Xahiş edirəm ki, mənim səmimi salamlarımı və xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri var. İkitərəfli formatda biz gözəl əməkdaşlıq edirik və bu əməkdaşlıq günü-gündən dərinləşir". 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan müsəlman ölkələri ilə siyasi, iqtisadi, mədəniyyət sahələrində əlaqələrinin daha da inkişaf etməsində maraqlıdır: "Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik. Biz bir-birimizi dəstəkləyirik. Xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatında əməkdaşlığımız çox yüksək səviyyədədir. Son vaxtlar İslam Əməkdaşlıq Təşkilatı ilə bizim əlaqələrimiz daha da inkişaf edir. Aprel və may aylarında Ciddədə və Bakıda təşkilatın baş katibi ilə görüşlərim olub. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın uğurlu inkişafını qeyd edir, Azərbaycanda gedən işlərə çox yüksək qiymət verir. Biz də təşkilatın fəal üzvü kimi çalışırıq ki, ölkələr arasındakı həmrəyliyi daha da gücləndirək".

Prezident əlavə edib ki, islam həmrəyliyinin güclənməsi vacibdir: "Ümumiyyətlə, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, islam həmrəyliyi daha da möhkəmlənməli və müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir. Xüsusilə ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha da böyük ehtiyac var. Biz bu dəstəyi görürük. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir. Həm BMT-də müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim mövqeyimizi dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı isə dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul edib. Bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha öz təşəkkürümü bildirmək istəyirəm".

İ.Əliyev həmçinin xatırladıb ki, keçən bayramdan ötən dövr ərzində Azərbaycanın həyatında çox əlamətdar hadisələr baş verib: "Bakıda ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib istifadəyə verilib. Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır. Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub. Bizim qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilib. O, bir memarlıq əsəridir və dünyanın ən yeni tikilmiş məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilmişdir. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Yəni bu, bir daha öz ölkəmizin keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir, biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasındakı həmrəyliyi gücləndirək. İki ildən sonra Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əminəm ki, bu oyunlar bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirəcəkdir".

Son xəbərlər

Orphus sistemi