Prezident İlham Əliyev: "İxrac bazarlarının araşdırılması istiqamətində ciddi işlər aparılmalıdır"

Prezident İlham Əliyev: "İxrac bazarlarının araşdırılması istiqamətində ciddi işlər aparılmalıdır" Dövlət başçısı ixrac yönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi
Daxili siyasət
10 İyul , 2016 17:46
Prezident İlham Əliyev: İxrac bazarlarının araşdırılması istiqamətində ciddi işlər aparılmalıdır

Bakı. 10 iyul. REPORT.AZ/ İdxaldan maksimum dərəcədə asılılığı aradan götürmək, ixrac potensialımızı artırmaq gələcək fəaliyyətimiz üçün prioritet istiqamət olmalıdır. 

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun çıxışında bildirib.

Dövlət başçısı vurğulayıb ki, bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istidamətində də ciddi işlər aparılmalıdır: “Əlbətdə birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyyac yoxdur, ancaq digər məhsullar üçün biz gərək rəqabətə girək. Çünki dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır, böyük dövlətlər, böyük firmalar o bazarları böyük dərəcədə bölüblər, ona görə də öz məhsulumuzla bu bazarlara girmək üçün gərək böyük səylər göstərək”.

Dövlət başçısı ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev dedi ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir.

Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlətimizin başçısı son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Formula-1 Avropa Qran-prisinin ölkəmizdə turizmin inkişafına ciddi dəstək verdiyini bildirdi. Bundan əlavə, Prezident İlham Əliyev “ASAN xidmət”in fəaliyyətinə toxunaraq artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, ölkədə 9 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, bu il isə Masallı və Qəbələdə yeni mərkəzlərin yaradılacağını diqqətə çatdırdı. Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən Prezident İlham Əliyev 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə etdi.

Son xəbərlər

Orphus sistemi