​Prezident İlham Əliyev Bərdəyə səfər edib

​Prezident İlham Əliyev Bərdəyə səfər edib İlham Əliyev Heydər Əliyev adına park-bulvarın açılışında iştirak edib
Daxili siyasət
12 Mart , 2015 23:25
​Prezident İlham Əliyev Bərdəyə səfər edib

Bakı. 12 mart. REPORT.AZ/ Martın 12-də Azərbaycan prezidenti İlham Əliyev Bərdə rayonuna səfərə gəlib.

"Report" xəbər verir ki, dövlət başçısı əvvəlcə şəhərdə yeni salınmış və Ulu Öndərin adını daşıyan park-bulvarda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident daha sonra Heydər Əliyev adına park-bulvarın açılış mərasimində iştirak edib.

Dövlət başçısı park-bulvarın rəmzi açılışını bildirən lenti kəsib.

Ölkənin ümumi inkişaf tempinə uyğun olaraq sürətlə müasirləşən və gözəlləşən Bərdə şəhərində yeni park-bulvar kompleksi yaradılıb. Ulu öndər Heydər Əliyevin adını daşıyan bu kompleks Gəncə şəhərindəkindən sonra ən böyük mədəniyyət və istirahət mərkəzlərindən biridir. Uzunluğu 2400 metr olan park-bulvar kompleksi ilkin mərhələdə 47 hektar ərazini əhatə edir və gələcəkdə daha da genişləndiriləcək. Parkın giriş qapısı öz əzəməti ilə diqqəti cəlb edir. Eni 36 metr, hündürlüyü 12 metr olan giriş qapısı milli memarlıq üslubunda ucaldılıb. Kompleksə əlavə 6 istiqamətdən giriş qapısı tikilib. İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları saxlanılıb. Abidəyə iki istiqamətdən asma körpü çəkilib. On iki fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artırır.

Dövlət başçısına məlumat verilib ki, ümumilikdə 12 fəvvarə, 2 süni göl, 2 su aşırımından ibarət olan, gözəl tərtibatı ilə zövqləri oxşayan kompleksdə istirahət üçün bütün zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyev parkda ağac əkib.

Komplekslə tanışlıq zamanı bildirildi ki, 10 hektar ərazini əhatə edən süni göllər üçün alınmış qayıqlar istirahət edənlərin ixtiyarına veriləcək. Bulvarın qurtaracağında quraşdırılan 3 fəvvarə burada gözəl mənzərə yaradır. Kompleksdə keçiriləcək müxtəlif tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq. Burada velosiped həvəskarları üçün 1,2 kilometr uzunluğunda yol salınıb və 10 ədəd velosiped alınıb. Park-bulvara üz tutanların istirahətinin mənalı təşkili üçün min tamaşaçı yeri olan süni örtüklü stadion, örtülü əl oyunları meydançası, min yerlik yay kinoteatrı, 2 min kvadratmetr ərazidə uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri, ticarət və iaşə obyektləri, inzibati bina inşa olunub.

Burada dövlət başçısına Bərdə şəhərində Tərtər çayı üzərində tikiləcək yeni asma körpünün layihəsi təqdim olunub.

Hazırda mövcud olan körpünün əvəzində tikiləcək yeni qurğunun uzunluğu 128 metr, eni 18,5 metr olacaq.

Prezident İlham Əliyevə, həmçinin tikilməsi nəzərdə tutulan Qarabağ dövlət tarix muzeyinin eskiz layihələri də təqdim olundu.

Parka avtomobillə gələnlər 300 yerlik dayanacaqdan istifadə edə biləcəklər.

Prezident İlham Əliyev parkın ərazisini elektromobillə gəzib.

Tərtər çayının sağ sahilində yaradılmış süni təpə və yaşıllıq massivi, həmçinin əkilmiş 20 mindən çox çiçək, gül kolu və ağaclar parkın füsunkarlığına əlavə çalarlar qatır.

Prezident İlham Əliyev parkın ərazisində qorunan qədim körpü qalıqlarına baxdı.

Vaxtilə karvan yolu üzərində yerləşmiş bu körpü lap qədimdən Bərdənin yaxın və Orta Şərqdə iri ticarət və mədəniyyət mərkəzi kimi formalaşmasında mühüm rol oynayıb.

Yeni salınmış park–bulvara 22 kilometr su xəttinin, 27 kilometr yeraltı elektrik xəttinin çəkilişi, subartezian quyusunun qazılması, çoxlu sayda işıqlandırma nöqtələrinin və 10 ədəd relyef birləşdirici pilləkən quraşdırılması bu möhtəşəm mədəniyyət və istirahət mərkəzində görülən işlərin həcminin göstəricisidir.

Dövlətimizin başçısına məlumat verildi ki, gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev yeni park-bulvarın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyev, həççinin Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadır şəhərciklərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biri məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasıdır ki, bununla bağlı görülən işlər nəticəsində bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, orada yaşayan insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şərait də təsdiqləyir.

Son illərdə məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Prezident tərəfindən onlarla Fərman və Sərəncam imzalanıb, müxtəlif qanunlar təsdiqlənib. Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. 2003-2013-cü illərdə 25 minə yaxın məcburi köçkün ailəsi mənzillə təmin edilib. Həmin illər ərzində hərtərəfli infrastruktura malik onlarla məktəb binası, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. 2015-ci ilin mart ayına olan məlumata əsasən, bu qəbildən olan insanlar üçün indiyədək 89 müasir qəsəbə salınıb. Beləliklə, 46 min ailənin və ya 230 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə 2014-cü ildə məcburi köçkün ailələri üçün 7 yeni qəsəbə və ya yaşayış kompleksi yaradılıb. Bu məqsədlə il ərzində Dövlət Neft Fondundan 300 milyon manat, digər investisiya xərclərindən isə 50 milyon manat vəsait ayrılıb. 2015-ci ildə isə məcburi köçkünlər üçün 4 yeni yaşayış kompleksinin inşa edilməsi, 2500 ailənin və ya 11 min nəfərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verdi. Bu kompleks dövlətimizin başçısının “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Yeni yaşayış kompleksinə Bərdədə yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Prezident İlham Əliyev mənzillərə baxdı.

Burada yaradılan şərait göstərir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri də ölkədə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının yaxşılaşmasıdır.

Burada yeni məhəllənin sxeminə və maketinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 11 hektar sahəni əhatə edən yeni yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdənin kommunikasiya şəbəkələrinə qoşulub. Kompleksin tikintisinə 2014-cü ilin iyun ayında başlanılıb və bu ilin mart ayında tam başa çatdırılıb. Yeni kompleks qaçqın və məcburi köçkünlər üçün salınmış 90-cı yaşayış kompleksidir.

Dövlətimizin başçısı kompleksdəki məktəbdə yaradılan şəraitlə tanış oldu. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təhsilə qayğısını və məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlərə baxdı. Burada, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də yaradılıb. Məktəblə tanışlıq zamanı bildirildi ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı yaşayış kompleksindəki uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlandı. Uşaq bağçasında balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.

Prezident İlham Əliyev yeni yaşayış kompleksində görülən işlərdən razılığını bildirdi.

Son xəbərlər

Orphus sistemi