Prezident İlham Əliyev Bakıda yeni salınmış parkın açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Bakıda yeni salınmış parkın açılışında iştirak edib - YENİLƏNİB Ümumi sahəsi 7 hektardan çox olan park qısa müddətdə yaradılıb
Daxili siyasət
26 Dekabr , 2016 10:41
Prezident İlham Əliyev Bakıda yeni salınmış parkın açılışında iştirak edib - YENİLƏNİB

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər.

"Report"  xəbər verir ki, keçmiş Səttarxan adına maşınqayırma zavodunun ərazisində geniş abadlıq işləri aparılaraq burada müasir tələblərə uyğun yeni istirahət parkı salınıb. Bu ərazi əvvəllər zavodun istismarı zamanı sürtkü və kimyəvi maddələrlə yararsız vəziyyətə düşmüşdü. İnşaat işləri zamanı ərazi illərlə qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib, genişmiqyaslı abadlıq işləri aparılıb.

Prezident İlham Əliyev istirahət parkının rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı və xanımı parkda yaradılan şəraitlə tanış olublar.

Parkın tikintisini “İlk inşaat“ şirkəti həyata keçirib. Ümumi sahəsi 7 hektardan çox olan park qısa müddətdə yaradılıb.

Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi bu istirahət məkanında genişmiqyaslı yaşıllıq işləri də həyata keçirilib. Parkın ümumi ərazisində 300-dən çox müxtəlif növ ağac, 50 mindən artıq gül və kol bitkiləri əkilib. Burada çinar, tut, dəmirağacı, söyüd və palıd ağaclarının bir neçə növləri var. İstirahət parkının yaşıllaşdırma konsepsiyasında ilin fəsilləri nəzərə alınıb. Bu məkanın yaşıllaşdırma işləri aparılarkən flora və iqlim mühiti təhlil edilərək əsasən İtaliyadan gətirilmiş bitki və ağaclara üstünlük verilib. Buradakı yaşıllıqların suvarılması üçün müasir drenaj sistemi yaradılıb, 20 kilometrdən çox boru-damcı suvarma və 1000-ə yaxın çiləyici vasitə quraşdırılıb.

Ərazidə 4 müxtəlif istirahət zonası salınıb. Parkdakı idman zonasında müxtəlif trenajorlar və qurğular qoyulub. Parkda uşaqlar üçün də xüsusi zonalar quraşdırılıb, həmin zonalar 2700 kvadratmetrə yaxın yumşaq səthlə örtülüb. İstirahət parkının ərazisində fəvvarə və ümumi sahəsi 2200 kvadratmetrə yaxın 3 göl yaradılıb. Göllərin yaradılmasında müasir texnologiya və avadanlıqdan istifadə edilib. Parkda sintetik örtüklə təchiz edilmiş buz meydançası da var. İlin bütün fəsillərində fəaliyyət göstərəcək meydançanın ümumi sahəsi 2130 kvadratmetrdir.

İstirahət parkı müasir mühəndislik, işıqlandlrma və infrastrukturun bir mərkəzdən idarəolunma və təhlükəsizlik kameraları ilə təchiz edilib. Ümumilikdə, bu parkın inşası ilə Heydər Əliyev Mərkəzi və Təbriz küçəsi arasında olan ərazinin vətəndaşlarımızın mənalı istirahəti üçün abadlaşdırılması layihəsi tam yekunlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi