Prezident İlham Əliyev Azərbaycan gənclərinin bir qrupu ilə görüşüb

Prezident İlham Əliyev Azərbaycan gənclərinin bir qrupu ilə görüşüb Dövlət başçısı gənclərə milli dəyərləri hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı tövsiyə edib
Daxili siyasət
29 Yanvar , 2016 15:48
Prezident İlham Əliyev Azərbaycan gənclərinin bir qrupu ilə görüşüb

Bakı. 29 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə yanvarın 29-da ölkə gənclərinin bir qrupu ilə görüşüb.

"Report" xəbər verir ki, bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk forumun Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycanın müstəqillik tarixindən danışan dövlət başçısı ilk illərin ölkə və xalqımız üçün ağır keçdiyini, Azərbaycana qarşı ermənilərin torpaq iddiaları ilə çıxış etdiyini, sovet rəhbərliyinin Bakıda cinayət törədərək günahsız insanları qətlə yetirdiyini deyib. Prezident İlham Əliyev bildirib ki, məhz o dövrdə Heydər Əliyev Moskvada sovet rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu, nadir hadisə olmaqla Heydər Əliyevin cəsarətli addımı idi. Sonradan Ulu Öndərin Bakıya, buradan da Naxçıvana getməsi muxtar respublikanı ermənilərin işğalçılıq siyasətindən xilas edib.

“Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq və bu dövlət əbədi yaşamalıdır”, - deyən Prezident İlham Əliyev son 20 ili inkişaf və sabitlik dövrü kimi xarakterizə edib, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu, mühüm enerji layihələrini icra etdiyini, kosmik ölkəyə çevrildiyini, iqtisadi şaxələndirlmənin aparıldığını, elmin və təhsilin inkişafı ilə bağlı mühüm addımların atıldığını, güclü ordunun və güclü sosial siyasətin qurulduğunu diqqətə çatdırıb. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək. Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar.

Dövlət başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı tövsiyə edib, gənclərin bundan sonra da ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirib.

Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olunub.

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycan gəncliyinin və gənclər təşkilatlarının hər zaman dövlət başçısının diqqət və qayğısını hiss etdiyini deyib, buna görə Prezident İlham Əliyevə təşəkkür edib.

“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı hazırda ölkədə 3 mindən çox gənclər təşkilatının fəaliyyət göstərdiyini deyib, könüllülərin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, onların fəaliyyətinin birinci Avropa Oyunlarında, “ASAN xidmət”in fəaliyyətində daha aydın hiss olunduğunu bildirib. O, Gənclər Evi, peşə ixtisası təhsili, xaricdə təhsil proqramının perspektivləri ilə bağlı təkliflərlə çıxış edib.

Prezident İlham Əliyev könüllülər hərəkatının ölkəmizdə böyük gələcəyinin olduğunu, peşə təhsilinin geniş vüsət almasının əhəmiyyətini vurğulayıb, dünyanın aparıcı ali məktəblərinin Azərbaycanda öz filiallarını açdığını diqqətə çatdırıb.

Gənclər və idman naziri Azad Rəhimov paytaxtda bir neçə Gənclər Evinin açıldığını deyib, bu prosesin davam etdiriləcəyini vurğulayıb.

“Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası” İctimai Birliyinin sədri Məryəm Məcidova qeyri-formal təhsilin inkişafı və intellektual oyunların keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Prezident İlham Əliyev ölkəmizdə bir çox intellektual beynəlxalq oyunların keçirilməsi ideyasını dəstəklədiyini bildirib.

“BMT-nin modeli” layihəsinin əlaqələndiricisi Elmira Məmmədova Azərbaycan nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi ilə bağlı məsələyə toxunub.

Gənc sahibkar, Davos İqtisadi Forumunun “Qlobal şefrs” təşkilatının üzvü Müşfiq Həsənov gənc sahibkarlara daha geniş imkanların yaradılması məsələsindən danışıb.

Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini bildirib.

“Gəncə 2016 - Avropa gənclər paytaxtı” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Aysun Zeynalova Gəncənin Avropanın gənclər paytaxtı elan edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.

Dövlət başçısı da Gəncənin bu tədbiri yüksək səviyyədə keçirəcəyinə əminliyini bildirib.

Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fond tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.

Prezident İlham Əliyev gələcəkdə də Fondun fəaliyyətinə dəstək veriləcəyini və maliyyə yardımının davam etdiriləcəyini bildirib.

Heydər Əliyev Fondunun baş mütəxəssisi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov gənclərin elmi tədqiqatlara daha çox cəlb olunması məsələsini qaldırıb.

Prezident İlham Əliyev də bu məsələnin əhəmiyyətini vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi