Azərbaycan Respublikasının Prezidenti
"Report" xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə müəssisədə yaradılan şərait barədə məlumat verdi.
Bildirilib ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasının tikintisi dövlətimizin başçısının 2018-ci ilin mayında imzaladığı Sərəncama əsasən həyata keçirilib. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Gəncə şəhərində, Daşkəsən, Goranboy, Gədəbəy, Samux və Şəmkir rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı və bıçaqla təmin edilib. Burada 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Toxucular Goranboy yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Qeyd edək ki, Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, ətrafında böyük diqqət toplayıb. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadədir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başlayandan artıq onun bir çox regionlarda filialları yaradılıb. Goranboy filialı da xalçaçılığın bu regionda inkişafına ciddi töhfə verəcək.